Bu gün bütün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin öz ərazisində mübarizə aparıla bilməz.
Editor.az “Report”a istinadən xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bütün dünya mütəşəkkil və koordinasiyalı şəkildə bunula mübarizə aparmalıdır:
“Ona görə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində keçirilən bu iclas çox əhəmiyyətlidir. İclasda da mesaj verildiyi kimi İslam ölkələri korrupsiya cinayətləri ilə mübarizədə əməkdaşlıq ifadə edirlər”.
Səfir eyni zamanda qeyd edib ki, bu sahədə Azərbaycanla ikitərəfli əlaqələr də davam edir:
“Uyğun strukturlar arasında əməkdaşlıq var. Cinayətkarlıqla mübarizə o demək deyil ki, biz cinayətin baş verməsini gözləyək, sonra addım ataq. Çalışırıq korrupsiya ilə əlaqədar cinayətlərin baş verməsinə imkan yaranmaması üçün əməkdaşlıq edək. Buna görə, həm ikitərəfli, həm çoxtərəfli əməkdaşlıq faydalıdır”.

