“IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev Azərbaycan–ABŞ əlaqələrinə də münasibət bildirdi. Dövlət başçısı ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya dövründə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğuladı, eyni zamanda 1992-ci ildə qəbul edilmiş Azadlığa Dəstək Aktına “907-ci düzəliş”in artıq dövrün reallıqlarına cavab vermədiyini və ABŞ Konqresi tərəfindən tam ləğv edilməsinin vacibliyini qeyd etdi. Bakı ilə Vaşinqton uzun illərdir enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, regional sabitlik və iqtisadi əməkdaşlıq kimi sahələrdə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurub”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva göndərib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin strateji tərəfdaşlıqla bağlı bəyanatı iki ölkə arasında əlaqələrin daha geniş və sistemli əməkdaşlıq mərhələsinə keçməsi üçün siyasi iradənin mövcud olduğunu bir daha nümayiş etdirdi:
“Təsadüfi deyil ki, 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən Əliyev–Tramp görüşü Azərbaycan–ABŞ münasibətlərində yeni siyasi dinamika formalaşdıran hadisələrdən biri kimi tarixə düşdü. Bu görüşdə “907-ci düzəliş”in dayandırılması və strateji tərəfdaşlıq istiqamətində atılan addımlar iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi üçün mühüm siyasi zəmin yaratdı.
Strateji tərəfdaşlıq münasibətlərinin inkişafı ilk növbədə siyasi dialoqu daha da intensivləşdirir. Yüksək səviyyəli qarşılıqlı səfərlər, regional və beynəlxalq məsələlər üzrə məsləhətləşmələrin genişlənməsi, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi bu istiqamətdə əsas prioritetlər sırasındadır. Azərbaycan Cənubi Qafqazda mühüm geosiyasi mövqeyə malik ölkə kimi ABŞ üçün etibarlı tərəfdaş olaraq qalır.
İqtisadi sahədə də yeni əməkdaşlıq imkanları mövcuddur. ABŞ şirkətlərinin Azərbaycana investisiyalarının artması, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və nəqliyyat-logistika layihələrində əməkdaşlığın genişlənməsi hər iki ölkənin maraqlarına xidmət edir. Xüsusilə Azərbaycanın bərpa olunan enerji potensialı və Orta Dəhliz layihəsində artan rolu ABŞ biznes dairələri üçün yeni perspektivlər açır.
“907-ci düzəliş”ə gəlincə, bu sənəd uzun illər Azərbaycan–ABŞ münasibətlərində siyasi maneələrdən biri olub. Dövlət başçımızın da qeyd etdiyi kimi, regionda dəyişən geosiyasi reallıqlar, Azərbaycanın beynəlxalq təhlükəsizlik təşəbbüslərinə verdiyi töhfələr və ölkənin ABŞ-la müxtəlif istiqamətlərdə əməkdaşlığı həmin hüquqi məhdudiyyətin yenidən nəzərdən keçirilməsi məsələsini aktuallaşdırıb.
Bununla yanaşı, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafı yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Bu proses konkret layihələrin həyata keçirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və uzunmüddətli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması ilə müşayiət olunmalıdır. Təhsil, elm, innovasiya, humanitar əlaqələr və biznes mühiti sahələrində yeni təşəbbüslər də iki ölkə arasında münasibətlərin daha dayanıqlı xarakter almasına töhfə verir”.
//Gülnarə Abasova, Editor.az

