Azərbaycanda hərbi qulluqçuların hərbi rütbələrdə xidmət müddəti ilə bağlı yeni dəyişikliklər təsdiqlənib. Milli Məclis müvafiq qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Editor.az-ın məlumatına görə, məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qəbul edilən dəyişikliklərə əsasən, magistratura və rezidentura təhsilini, eləcə də doktoranturanı başa vuraraq elmi dərəcə əldə edən bəzi zabitlərin hərbi rütbədə qalma müddəti azaldılacaq.
Bu güzəşt Azərbaycan Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulan digər dövlət qurumlarının sifarişi əsasında müvafiq təhsil pillələrini bitirmiş hərbi qulluqçulara şamil ediləcək. Belə ki, ali təhsilin hər bir qeyd olunan səviyyəsi üzrə bir dəfə olmaqla, rütbədə xidmət müddəti 1 il qısaldılacaq.
Qanun layihəsində leytenant hərbi rütbəsində xidmət müddətinə də yenidən baxılıb.
Yeni qaydalara görə:
– 5 illik təhsil proqramı olan xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin məzunları üçün leytenant rütbəsində xidmət müddəti 2 il olacaq.
– Aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün bu müddət 1 il müəyyənləşdirilib.
– Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda da leytenant rütbəsində xidmət müddəti 1 il olacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılıb və Milli Məclis tərəfindən üçüncü oxunuşda qəbul edilib.

