“Miqrasiya sahəsində çox böyük uğurlarımız var. Bu sahədə islahatlar aparılır, turizmlə bağlı yeniliklər tətbiq olunur. Hər bir yenilik dünya standartlarına uyğunlaşdırılır. Eyni zamanda, nəzərdən qaçırmamalıyıq ki, miqrasiya hazırda dünyada ən təhlükəli sahələrdən biridir. Belə ki, ayrı-ayrı şəxslərin müxtəlif adlar altında digər ölkələrə casusluq fəaliyyəti məqsədilə göndərilməsi də məhz miqrasiya çərçivəsində həyata keçirilir”.
Editor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Azərbaycana din, elm və kitab satışı pərdəsi altında, eləcə də müxtəlif vasitələrlə mütəxəssis adı ilə gələn şəxslər arasında əslində antidövlət fəaliyyəti ilə məşğul olanlar da var:
“Biz dəfələrlə görmüşük ki, Azərbaycana din pərdəsi altında, elm pərdəsi altında, kitab satmaq adı ilə və başqa üsullarla guya mütəxəssis kimi şəxslər göndərilir. Lakin onlar əslində antidövlət fəaliyyəti ilə məşğul olur, qruplar yaradır, dövlətin əleyhinə müxtəlif cinayət əməlləri planlaşdırırlar. Təbii ki, belə şəxslər təhlükəsizlik orqanlarımız tərəfindən ifşa olunur.
Hesab edirəm ki, miqrasiya ilə bağlı təkcə bu qanunda deyil, bütövlükdə qanunvericilikdə müvafiq kateqoriyalar üzrə tələblər ciddi şəkildə gücləndirilməlidir. Həmin şəxslərin yoxlanılması, ölkədə qalma qaydaları və digər məsələlər nəzərə alınmalıdır”.
S.Novruzov qeyd edib ki, qanunvericilikdə investisiya yatıran, ölkəmizdə sərmayəsi və rezidentliyi olan şəxslərin burada fəaliyyətlərini davam etdirməsi də nəzərdə tutulur:
“Amma böyük dövlətlər üçün bir neçə belə rezident yaratmaq çətin deyil. Məsələn, qanunda 500 min və ya 100 min manat məbləğində investisiya tələbi müəyyənləşdirilibsə, bu, həmin dövlətlər üçün o qədər də böyük vəsait deyil. Onların imkanları var ki, bu məbləğdən dəfələrlə artıq vəsait ayıraraq öz rezidentlərini ölkəmizdə yerləşdirsinlər və onların vasitəsilə antidövlət fəaliyyəti həyata keçirsinlər.
Prezidentin YAP-ın qurultayında və sonrakı çıxışlarında qeyd etdiyi kimi, biz oyaq və sayıq olmalıyıq. Ölkəmizə mütəxəssis adı altında gələn şəxslərə diqqətlə yanaşmalıyıq. Əlbəttə, həqiqi mütəxəssislərin ölkəmizə gəlməsi, burada yeni mütəxəssislərin yetişdirilməsi vacibdir. Lakin başqa məqsədlərlə gəlib insanları fərqli istiqamətlərdə yetişdirməyə çalışan şəxslərə ehtiyacımız yoxdur”.

