Dünya nəyə hazırlaşır? 33 ölkədən əhaliyə ərzaq və su ehtiyatı çağırışıbackend

Dünya nəyə hazırlaşır? 33 ölkədən əhaliyə ərzaq və su ehtiyatı çağırışı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın müxtəlif ölkələrində hökumətlər mümkün fövqəladə vəziyyətlərə qarşı əhalini əvvəlcədən hazırlıq görməyə çağırır. Vətəndaşlara evlərində ərzaq, içməli su, dərman və digər zəruri vasitələr saxlamaq tövsiyə olunur.

Maraqlıdır ki, ABŞ və Avropa dövlətlərinin də daxil olduğu 33 ölkədə yayımlanan rəsmi hazırlıq təlimatlarında insanların müəyyən müddət ərzində heç bir kənar yardıma ehtiyac duymadan əsas tələbatlarını ödəyə bilməsi vacib hesab edilir.

Ölkələrin tövsiyələri fərqlənsə də, əsas məqsəd fövqəladə hadisələr zamanı əhalinin ilk günləri təhlükəsiz keçirməsini təmin etməkdir. Bəzi dövlətlər ən azı 72 saatlıq, digərləri isə 10 gün və hətta iki həftəlik ehtiyat yaradılmasını məsləhət görür.

Ölkələr əhalidən neçə günlük ehtiyat yaratmağı istəyir?

Fövqəladə vəziyyətlərə hazırlıqla bağlı çağırışlar xüsusilə Avropa ölkələrində diqqət çəkir.

Fransa və Böyük Britaniyada ailələrə ən azı üç gün ərzində istifadə edə biləcəkləri zəruri məhsulları əvvəlcədən toplamaq tövsiyə olunur. Kanada, Yaponiya, Meksika və Niderlandda da 72 saatlıq ehtiyat prinsipi əsas götürülür.

İsveç və Norveçdə isə vətəndaşlardan təxminən bir həftəlik ehtiyaclarını qarşılayacaq ərzaq və digər vasitələr saxlamaq istənilir.

Almaniyada hazırlanan tövsiyələrdə 10 günə qədər kifayət edə biləcək ehtiyat siyahıları yer alır. ABŞ-da da əhaliyə bir neçə günlük ərzaq, su və fövqəladə vəziyyət üçün lazım olan vasitələri hazır saxlamaq tövsiyə edilir.

Beləliklə, ölkələr arasında ehtiyat müddəti fərqli olsa da, ümumi yanaşma eynidir: böhran zamanı insanlar ilk günlərdə öz ehtiyaclarını müstəqil şəkildə qarşılaya bilməlidirlər.

Evdə hansı məhsulları saxlamaq lazımdır?

Fövqəladə vəziyyət üçün hazırlanan siyahılarda bir neçə əsas məhsul qrupu xüsusi yer tutur.

Bunlara aşağıdakılar daxildir:

– Uzun müddət xarab olmayan konservlər və digər ərzaq məhsulları;

– İçməli su;

– Daim istifadə edilən dərman preparatları;

– İlk yardım çantası və tibbi ləvazimatlar;

– Fənər və əlavə batareyalar;

– Batareya ilə işləyən radio;

– Zəruri hallarda istifadə etmək üçün nağd pul.

Mütəxəssislərin hazırlıq tövsiyələrində bu vasitələrin əhəmiyyəti mümkün elektrik kəsintiləri, daşqınlar, ekstremal hava hadisələri, kiberhücumlar və vacib infrastruktur xidmətlərinin dayanması ilə əlaqələndirilir.

Belə hallarda mağazalara, rabitə vasitələrinə və digər gündəlik xidmətlərə çıxış çətinləşə bilər. Əvvəlcədən yaradılmış ehtiyat isə insanların ilk günlərdə yaranan çətinlikləri daha rahat keçirməsinə kömək edə bilər.

Avropa İttifaqı da hazırlıq planını genişləndirir

Avropa İttifaqı 2025-ci ilin martında açıqladığı Hazırlıq Birliyi Strategiyası ilə mümkün böhranlara qarşı daha koordinasiyalı sistem qurmağı hədəfləyib.

Strategiyanın əsas istiqamətlərindən biri vətəndaşların ən azı 72 saat ərzində müstəqil şəkildə yaşamaq üçün zəruri imkanlara malik olmasıdır.

Sənəddə ərzaq, su, tibbi ləvazimatlar, enerji avadanlıqları və strateji xammal ehtiyatlarının əlçatanlığının təmin edilməsinə də xüsusi diqqət ayrılır.

Beləliklə, müxtəlif ölkələrdə yayımlanan tövsiyələr göstərir ki, fövqəladə vəziyyətlərə hazırlıq artıq yalnız xüsusi qurumların deyil, adi ailələrin də məsuliyyəti kimi nəzərdən keçirilir.

\\ Aydan Bünyatova, Editor.az