Fransada Halloween günü qəbiristanlıqda vandalizm: 200-ə yaxın məzar dağıdılıbbackend

Fransada Halloween günü qəbiristanlıqda vandalizm: 200-ə yaxın məzar dağıdılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Korbey-Esson şəhərində yerləşən Tartre qəbiristanlığında oktyabrın 31-də, Bütün Müqəddəslər Günü ərəfəsində vandalizm hadisəsi baş verib. Le Parisien nəşrinin məlumatına görə, hadisə nəticəsində 185–200 arasında katolik məzarı zərər görüb.

Naməlum şəxs və ya şəxslər qəbiristanlıqda xaçları və mələk fiqurlarını sındırıb, qəbirüstü daşlara və xatirə lövhələrinə ziyan vurub, həmçinin xatirə bağını dağıdıblar. Hadisə yaxınlarının məzarlarını ziyarət etmək üçün qəbiristanlığa gələn ailələrin narahatlığına səbəb olub.

Polis hadisədən qısa müddət sonra şübhəli şəxsi saxlayıb. Le Figaro nəşrinin məlumatına əsasən, saxlanılan şəxs Hindistan vətəndaşı olan, tamil mənşəli 58 yaşlı kişidir. O, Qrinji şəhərində yaşayırmış.

Psixiatrik müayinədən sonra kişinin vəziyyətinin həbs şəraitində saxlanılmasına uyğun olmadığı müəyyən edilib. Bu səbəbdən o, məcburi qaydada xəstəxanaya yerləşdirilib.

Korbey-Esson şəhərinin meri Samira Ketfi hadisəni pisləyib və şəhər administrasiyası adından rəsmi şikayət ərizəsi təqdim edib. Evri-Kurkuron prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.

Hücumun motivləri hələlik məlum deyil. Bələdiyyə xidmətləri zərər çəkmiş ailələrə dəymiş ziyanın qeydə alınmasında kömək göstərir.

//Gülnarə Abasova, Editor.az