Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkil vəzifəsinə kimin seçiləcəyi ilə bağlı gözlənilən qərar verilib. Səbinə Əliyeva növbəti dəfə Ombudsman postuna seçilib.
APA-nın məlumatına görə, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Deputatların müzakirələrindən sonra keçirilən səsvermədə Səbinə Əliyeva səs çoxluğu qazanaraq növbəti 7 il müddətinə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili seçilib.
Qeyd edək ki, Ombudsman vəzifəsi üçün Prezident İlham Əliyev tərəfindən parlamentə üç namizədin adı təqdim olunmuşdu. Namizədlər hazırkı Ombudsman Səbinə Əliyeva, Ceyhun Qaracayev və Elşanə Vəliyeva olub.
Qanunvericiliyə əsasən, İnsan Hüquqları üzrə Müvəkkil 7 il müddətinə seçilir. Səlahiyyət müddətinin başa çatmasına 30 gün qalmış Prezident Milli Məclisə üç namizəd təqdim edir. Parlament isə 15 gün ərzində yeni Ombudsmanın seçilməsi ilə bağlı qərar verməlidir.
Qanunda eyni şəxsin Ombudsman vəzifəsinə ikidən artıq müddətə seçilməsinə icazə verilmir.
Xatırladaq ki, Səbinə Əliyeva ilk dəfə 29 noyabr 2019-cu ildə Prezident tərəfindən irəli sürülən üç namizəd arasından Milli Məclisin qərarı ilə bu vəzifəyə seçilmişdi.

