Azərbaycançılıq ideologiyası müasir Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli birliyinin və suveren inkişaf modelinin əsasını təşkil edir. Bu ideologiya yalnız tarixi keçmişimizə, milli-mənəvi dəyərlərimizə və etnik mənsubiyyətimizə bağlılıq deyil. O, hər şeydən əvvəl, Azərbaycan dövlətinə sədaqət, milli maraqların qorunması, müstəqil siyasi iradəyə hörmət və ümummilli məqsədlər ətrafında birləşmək fəlsəfəsidir.
Qloballaşmanın sürətləndiyi, informasiya texnologiyalarının siyasi təsir vasitəsinə çevrildiyi, sosial şəbəkələrin ictimai şüura müdaxilə imkanlarının genişləndiyi müasir dünyada azərbaycançılığın əhəmiyyəti daha da artır. Çünki bu gün dövlətlərin müstəqilliyi yalnız sərhədlərinin toxunulmazlığı, iqtisadi potensialı və hərbi qüdrəti ilə ölçülmür. Milli informasiya məkanının qorunması, ictimai şüurun kənar manipulyasiyalardan müdafiəsi və cəmiyyətin ideoloji bütövlüyünün təmin olunması da suverenliyin mühüm göstəriciləridir.
Məhz buna görə azərbaycançılığa yalnız milli ideologiya kimi deyil, həm də Azərbaycanın informasiya təhlükəsizliyinin, milli müqavimət qabiliyyətinin və beynəlxalq kommunikasiya strategiyasının fundamental dayağı kimi yanaşmalıyıq.
Azərbaycançılıq ideologiyasının formalaşması və sistemli dövlət siyasətinə çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev bu ideyanı Azərbaycan cəmiyyətinin etnik, dini, siyasi və sosial müxtəlifliyini vahid milli məqsəd ətrafında birləşdirən ümumxalq ideologiyası səviyyəsinə yüksəltdi. Onun konseptual yanaşmasının mahiyyəti ondan ibarət idi ki, Azərbaycanı yalnız müəyyən etnik və ya dini kimliyin daşıyıcıları deyil, bu ölkəni öz Vətəni hesab edən, onun müstəqilliyini, suverenliyini və gələcəyini öz taleyi ilə bağlayan bütün vətəndaşlar birlikdə qururlar.
Bu baxımdan azərbaycançılıq hər hansı siyasi təşkilatın və ya sosial qrupun ideoloji çərçivəsi ilə məhdudlaşmır. O, Azərbaycan dövlətinin ümumi ideoloji platformasıdır. Azərbaycan dilinə, tarixinə, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə bağlılıq, eyni zamanda müasir dünyaya açıq olmaq, digər xalqların mədəniyyətinə hörmət etmək və beynəlxalq əməkdaşlığa hazır olmaq bu ideologiyanın ayrılmaz komponentləridir. Onun əsas üstünlüklərindən biri milli birliyi fərqliliklərin inkarı üzərində deyil, ortaq dövlətçilik maraqları əsasında qurmasıdır.
Bu ideoloji xəttin müasir mərhələdə yeni məzmunla zənginləşdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra azərbaycançılıq ideyası yeni tarixi reallıqlar kontekstində nəzərdən keçirilməlidir. Çünki qazanılmış nailiyyətlərin möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması və dövlətçilik düşüncəsinin gələcək nəsillərə ötürülməsi qarşıda duran strateji vəzifələrdəndir.
2026-cı il oktyabrın 2-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qurultaydakı çıxışı yalnız partiyanın gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən siyasi nitq deyil, həm də Azərbaycanın yeni geosiyasi və ictimai-siyasi şəraitdə dövlətçilik strategiyasının, ideoloji təhlükəsizlik yanaşmasının və milli inkişaf prioritetlərinin təqdimatı kimi qiymətləndirilməlidir.
Dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər əhəmiyyətli olduğunun vurğulanmasıdır. Prezident bu fikri belə ifadə edib: “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir”.
Bu fikir müasir dövlətçilik fəlsəfəsinin mühüm prinsipini ifadə edir. Əgər əvvəlki tarixi mərhələlərdə dövlətlərin təhlükəsizliyi əsasən sərhədlərin, hərbi infrastrukturun və iqtisadi resursların qorunması ilə əlaqələndirilirdisə, indi informasiya və ideoloji məkan da milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Müasir dövrdə fiziki müdaxilə olmadan da dövlət institutlarına etimadı zəiflətmək, milli kimliklə bağlı şübhələr yaratmaq və cəmiyyəti ideoloji qütblərə parçalamaq mümkündür. Bu məqsədlə sosial şəbəkələr, anonim hesablar, saxta xəbər resursları, manipulyativ videolar, süni intellekt vasitəsilə yaradılmış görüntülər və koordinasiyalı informasiya kampaniyalarından istifadə olunur.
Prezidentin çıxışında ideoloji müdafiənin əsas vasitələrindən biri kimi təhsil və vətənpərvərlik də xüsusi vurğulanıb: “Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq”.
Burada söhbət yalnız formal təhsil səviyyəsindən getmir. Müasir insanın informasiya savadlılığı, xəbərin mənbəyini müəyyənləşdirmək, faktı şərhdən ayırmaq, emosional manipulyasiyanı tanımaq və informasiya məzmununu tənqidi qiymətləndirmək bacarığı da milli təhlükəsizliyin mühüm şərtidir.
Dövlət başçısının səsləndirdiyi digər mühüm çağırış ideoloji fəaliyyətin yeni metodlarla qurulması zərurəti ilə bağlıdır: “İdeoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır”.
Bu, ənənəvi təbliğat modelindən müasir kommunikasiya yanaşmasına keçid çağırışıdır. Çünki bugünkü informasiya istehlakçısı, xüsusilə gənc nəsil, informasiyanı əsasən sosial şəbəkələrdən, videoplatformalardan və rəqəmsal media resurslarından əldə edir. Deməli, milli ideyaların təbliği də həmin platformaların dilinə, formatına və kommunikasiya imkanlarına uyğun qurulmalıdır.
Prezidentin daha bir fikri milli medianın üzərinə düşən vəzifəni dəqiq müəyyənləşdirir: “Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın – bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində”.
Həqiqətin mövcud olması kifayət deyil. O, ictimaiyyətə vaxtında çatdırılmalı, rəqəmsal mühitdə görünən olmalı, manipulyativ məlumatlardan daha operativ və inandırıcı şəkildə təqdim edilməlidir. VIII Qurultayın bu kontekstdə əsas mesajı ondan ibarətdir ki, Azərbaycan yalnız öz həqiqətlərini müdafiə edən deyil, onları beynəlxalq informasiya məkanında təqdim etmək və izah etmək imkanlarını genişləndirən dövlət olmalıdır.
Azərbaycanın son illərdə əldə etdiyi siyasi, hərbi və iqtisadi nailiyyətlər, müstəqil xarici siyasət kursu və regional proseslərdə artan rolu ölkəmizin informasiya məkanına yönələn təzyiqləri də aktuallaşdırıb. Bu təzyiqləri yalnız təsadüfi informasiya insidentləri kimi qiymətləndirmək düzgün olmazdı. Onların müəyyən hissəsi daha geniş geosiyasi maraqların, regional rəqabətin və Azərbaycanın müstəqil qərarvermə imkanlarına təsir göstərmək cəhdlərinin tərkib hissəsidir.
2026-cı il fevralın 20-də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının açıqlamasında Azərbaycana qarşı rəqəmsal platformalarda və müxtəlif media kanallarında aparılan dezinformasiya fəaliyyətlərinin əlaqələndirilmiş xarakter daşıdığı, bir ildən artıq müddətdə davam edən hibrid təzyiq strategiyasının tərkib hissəsi olduğu bildirilirdi. Məqsədlər sırasında ictimai rəyi çaşdırmaq, cəmiyyətdə qütbləşmə yaratmaq və dövlət institutlarına etimadı zəiflətmək göstərilirdi.
Bu mənzərədə Rusiya, İran və Türkiyə informasiya məkanlarında müşahidə olunan proseslərə ayrıca nəzər salmaq zəruridir. Burada söhbət həmin ölkələrin bütün mediasından, xalqlarından və ya dövlət siyasətindən deyil, konkret media resurslarının, ayrı-ayrı siyasi dairələrin və sosial şəbəkə hesablarının yaydığı manipulyativ məzmunlardan gedir.
2026-cı il ərzində Rusiyanın bəzi media resurslarında, Telegram kanallarında və sosial şəbəkə seqmentlərində Azərbaycana qarşı mənfi informasiya kampaniyalarının intensivləşməsi müşahidə olunub. Xüsusilə iyul ayında müxtəlif platformalarda oxşar məzmunlu tezislərin paralel yayılması diqqət çəkib. Avqustun 18-də Azərbaycan Mətbuat Şurası Rusiyanın bəzi media resurslarında Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və tanınmış şəxslərə qarşı təhqiramiz, hədələyici materialların yayımlanmasını pisləyən bəyanatla çıxış edib. Şura bu halların sivil jurnalistika prinsiplərinə, etik normalara və Azərbaycan-Rusiya münasibətlərinin ruhuna zidd olduğunu bildirib.
Belə informasiya davranışının təhlükəsi yalnız Azərbaycan haqqında mənfi təsəvvür yaratmaqla məhdudlaşmır. Burada iki ölkə arasındakı münasibətlərin mürəkkəb məsələlərini emosional müstəviyə keçirmək, cəmiyyətlər arasında inamsızlıq yaratmaq və Azərbaycanın regional siyasəti barədə təhrif olunmuş təsəvvürlər formalaşdırmaq cəhdləri də görünür.
İran istiqamətindən müşahidə olunan informasiya təhdidləri isə daha çox rəqəmsal manipulyasiya, saxta hesablar, Azərbaycan dilində yaradılmış resurslar və sosial şəbəkələrdə koordinasiyalı fəaliyyətlə xarakterizə olunur. Bu istiqamətdə əsas risklərdən biri Azərbaycan dilinin manipulyativ məqsədlərlə istifadə edilməsidir. Xarici mənşəli informasiya təsirinin Azərbaycan dilində təqdim olunması onun yerli ictimai rəyin məhsulu olduğu görüntüsünü yarada bilər. Nəticədə istifadəçi məlumatın mənbəyini, arxasında dayanan siyasi maraqları və yayılma məqsədini müəyyənləşdirməkdə çətinlik çəkir.
Belə kampaniyalarda saxta xəbər saytları, anonim Telegram kanalları, təkrar paylaşımlar və emosional məzmunlu videolar əsas vasitələr kimi çıxış edir. Məqsəd sosial və siyasi məsələləri süni şəkildə qabardaraq ictimai narazılıq yaratmaq, dini və milli həssaslıqlardan istifadə etmək, cəmiyyətdə qarşıdurma formalaşdırmaqdır. Bu, informasiya manipulyasiyasının ayrı-ayrı yanlış xəbərlərin yayılmasından daha geniş miqyas aldığını, süni ictimai rəy yaratmağa yönəldiyini göstərir.
Türkiyə istiqamətində müşahidə olunan proseslər isə xüsusi həssaslıq tələb edir. Azərbaycan və Türkiyə münasibətləri ortaq tarixə, dilə, mədəniyyətə, strateji müttəfiqliyə və xalqlarımızın qardaşlığına əsaslanır. Bu münasibətlərin qardaş ölkənin bəzi media quruluşları tərəfindən Türkiyə ictimaiyyətinə təhrif olunmuş şəkildə təqdim edilməsi, hətta bəzi hallarda peşə etikası ilə bir araya sığmayan böhtan və təhqirlərə belə yol verilməsi olduqca ciddi narahatlıq və narazılıq doğurur.
2026-cı il sentyabrın 26-da Azərbaycan parlamentinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası Türkiyə ərazisindən sosial media platformaları vasitəsilə ölkəmizə qarşı informasiya kampaniyası aparıldığını açıqlamışdı. Araşdırmada saxta və real hesabların, hədəfli reklamların koordinasiyalı istifadəsi, Azərbaycan-Türkiyə münasibətlərinə şübhə yaratmaq və cəmiyyətdə qütbləşmə formalaşdırmaq cəhdləri qeyd olunurdu.
Həmin gün Media və Yayım Şurası da Türkiyə media məkanında yayılan əsassız iddialarla bağlı mövqeyini açıqlamışdı. Oktyabrın 19-da isə Azərbaycan Mətbuat Şurası Türkiyənin bəzi media resurslarında və sosial şəbəkələrində ölkəmizə qarşı yayılan təhrif olunmuş məlumatlarla bağlı xüsusi bəyanat vermişdi. Bəyanatda ümumtəhsil müəssisələrində vahid məktəbli geyiminin tətbiqi məsələsinin kontekstdən çıxarılması, Azərbaycanda guya hicab qadağasının mövcudluğu və dini dəyərlərin sıxışdırılması barədə əsassız iddiaların yayılması diqqətə çatdırılmışdı. Mətbuat Şurası bu məsələlərin təhsil siyasəti çərçivəsindən çıxarılaraq dini və ideoloji qarşıdurma müstəvisinə keçirilməsini manipulyasiya cəhdi kimi qiymətləndirmişdi.
Azərbaycan-Türkiyə qardaşlığı ayrı-ayrı media qruplarının, siyasi dairələrin və ya sosial şəbəkə fəallarının manipulyativ davranışları ilə sarsıla biləcək münasibət deyil. Bununla belə, əlaqələrin qorunması hər iki ölkənin media ictimaiyyətindən məsuliyyət tələb edir. Qarşılıqlı hörmət təsdiqlənməmiş məlumatların yayılmasına qarşı prinsipial mövqe nümayiş etdirməyi, bir-birimizin daxili reallıqlarını təhrif etmədən təqdim etməyi və peşəkar jurnalistika prinsiplərinə əməl etməyi zəruri edir.
Bəs müxtəlif istiqamətlərdən həyata keçirilən informasiya manipulyasiyaları Azərbaycan cəmiyyətinə təsir göstərə bildimi? İctimai şüurda parçalanma, dövlətə inamsızlıq və milli həmrəyliyin zəifləməsi yarada bildimi?
Bu kampaniyalar qarşıya qoyduqları əsas strateji məqsədlərə nail ola bilmədi. Bunun başlıca səbəblərindən biri dövlət-xalq birliyidir. Bu birlik tarixi təcrübəyə, milli yaddaşa, dövlətçilik ənənələrinə və ortaq gələcək təsəvvürünə əsaslanır.
Azərbaycan mediası da bu təsirlərin neytrallaşdırılmasında mühüm rol oynadı. Xüsusilə sosial şəbəkələrdə yayılan saxta məlumatların arxasında dayanan məqsədlərin izah edilməsi, hadisələrin kontekstdən çıxarılaraq təqdim olunmasının qarşısının alınması və faktlara əsaslanan alternativ informasiyanın yayılması cəmiyyətin manipulyasiyalara qarşı müqavimətini gücləndirir. Peşəkar media ictimaiyyətə hadisələrin mahiyyətini anlamaq, müxtəlif iddiaları müqayisə etmək və düzgün nəticə çıxarmaq imkanı yaradır. Başqa sözlə, media informasiya hücumlarına qarşı cəmiyyətin intellektual müdafiə mexanizmlərindən birinə çevrilir. Bu baxımdan operativlik, obyektivlik, mənbələrin yoxlanılması və peşəkar məsuliyyət xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda, Azərbaycan mediasının bu prosesdəki fəaliyyəti göstərdi ki, informasiya təhlükəsizliyi yalnız dövlət qurumlarının vəzifəsi deyil. Bu, dövlət, media və cəmiyyət arasında koordinasiyalı əməkdaşlıq tələb edən ümumi məsuliyyətdir. Medianın ictimai etimadı qoruması, həssas məsələlərdə məsuliyyətli dil və yanaşma nümayiş etdirməsi, eləcə də manipulyativ kampaniyaları faktlarla ifşa etməsi milli informasiya məkanının dayanıqlığını artırır.
Azərbaycan xalqı müharibə, işğal, məcburi köçkünlük, beynəlxalq təzyiqlər və informasiya blokadaları kimi çoxsaylı sınaqlardan keçib. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpası milli həmrəyliyin gücünü xüsusilə nümayiş etdirdi.
İnformasiya müstəvisində də cəmiyyət xaricdən yaradılan süni gündəmləri və koordinasiyalı sosial media kampaniyalarını ümumi milli maraqlardan üstün tutmadı. Bu prosesdə medianın rolu da əhəmiyyətli oldu. Azərbaycan mediası bir çox hallarda hadisələrin mahiyyətini vaxtında açıqladı, manipulyasiyaların mənbə və üsullarını ictimaiyyətin diqqətinə çatdırdı, saxta məlumatlarla bağlı izahatlar verdi. Beləliklə, informasiya təhdidlərinə qarşı müqavimət yalnız dövlət qurumlarının deyil, media ictimaiyyətinin və vətəndaşların da iştirakı ilə formalaşdı.
Əlbəttə, bu nəticə arxayınlıq üçün əsas deyil. İnformasiya müharibəsi fasiləsiz xarakter daşıyır. Bu gün nəticə verməyən manipulyasiya sabah daha müasir texnologiyalar və incə psixoloji üsullarla qarşımıza çıxa bilər. Buna görə də əsas vəzifə cəmiyyətin informasiya immunitetini davamlı şəkildə gücləndirməkdir.
Vaxtilə Azərbaycan mediasının qarşısında duran əsas vəzifələrdən biri ölkəmizin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq, Qarabağ münaqişəsi ilə bağlı tarixi faktları təqdim etmək, erməni təbliğatının təsirini neytrallaşdırmaq və informasiya blokadasını yarmaq idi. Vətən müharibəsi dövründə jurnalistlərimiz cəbhədə baş verən hadisələri işıqlandırmaqla yanaşı, Azərbaycanın mövqeyini dünyaya çatdırmaq missiyasını da həyata keçirirdilər.
Bu gün isə Azərbaycan mediasının qarşısında yeni imkanlar və vəzifələr dayanır. Media artıq yalnız müdafiə mövqeyində çıxış etmir. Beynəlxalq auditoriyaya çıxış imkanlarının genişlənməsi, regional və qlobal proseslərə dair mövqeyimizi təqdim etmək, xarici mediada yayılan yanlış məlumatları ilkin mənbələr əsasında təkzib etmək üçün yeni imkanlar yaranıb.
Bu, keyfiyyətcə yeni mərhələdir. Azərbaycan mediası beynəlxalq informasiya məkanında öz arqumentlərini ortaya qoyur, ölkəmizin mövqeyini müxtəlif auditoriyalara çatdırır və qlobal informasiya gündəliyində daha fəal iştirak edir. Bunun üçün təkcə operativliyə deyil, peşəkarlıq, etibarlılıq, xarici dillərdə keyfiyyətli məzmun istehsalı və beynəlxalq media platformaları ilə əməkdaşlığa üstünlük verilir.
Qarşıda duran əsas vəzifələrdən biri bu potensialı institusional gücə və davamlı beynəlxalq təsir imkanlarına çevirməkdir. Bu istiqamətdə bir neçə məsələ xüsusi əhəmiyyət daşıyır: media nümayəndələrinin informasiya və rəqəmsal təhlükəsizlik bacarıqlarının artırılması, dezinformasiyanın monitorinqi və təhlili mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq media qurumları ilə peşəkar əməkdaşlığın genişləndirilməsi, eləcə də gənclər arasında media savadlılığının gücləndirilməsi.
Azərbaycançılıq ideologiyası bu yolun mənəvi və siyasi təməlidir. Onun gücü milli birlikdə, dövlətçilik düşüncəsində, tarixi yaddaşda, dilimizə və mədəniyyətimizə bağlılıqda, müstəqil qərarvermə iradəsindədir. Azərbaycanın gələcək inkişafı üçün bu ideoloji dayaqların qorunması ilə yanaşı, onları müasir kommunikasiya vasitələri ilə yeni nəsillərə və beynəlxalq auditoriyaya çatdırmaq da vacibdir.
Azərbaycanın informasiya suverenliyi yalnız xarici təhdidlərə müqavimət göstərməklə təmin olunmur. Bu, eyni zamanda cəmiyyətin məlumatlılığı, medianın peşəkarlığı, dövlətlə vətəndaş arasında etimad və milli maraqlar ətrafında həmrəyliyin möhkəmləndirilməsi deməkdir. Milli birlik və güclü media sistemi Azərbaycanın həm ideoloji təhlükəsizliyinin, həm də beynəlxalq informasiya məkanında mövqelərinin əsas dayaqlarıdır.
Vüqar Zifəroğlu
Azərbaycan Mətbuat Şurasının sədri

