Kozinoğlunun ölümü ilə bağlı BÜTÜN DETALLAR ortaya çıxdı: Məzarındakı zəhərli maddə… – ŞOKbackend

Kozinoğlunun ölümü ilə bağlı BÜTÜN DETALLAR ortaya çıxdı: Məzarındakı zəhərli maddə… – ŞOK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cinayət qurbanı olduğu şübhəsi ilə Silivri Respublika Baş Prokurorluğunun göstərişi əsasında məzarı açılan keçmiş MİT Asiya Regional Baş müşaviri Kaşif Kozinoğlunun yarılma və laboratoriya analizlərinin nəticələri məlum olub.

Musavat.com xəbər verir ki, Kozinoğlunun 12 noyabr 2011-ci ildə həbsxanada şübhəli şəkildə vəfat etməsindən sonra verilən ilk rəsmi açıqlamalarda və həmin dövrə aid hesabatlarda ölüm səbəbinin infarkt olduğu bildirilmişdi.

15 il sonra aparılan araşdırma zamanı DNT analizi nəticəsində meyitin 99,99 faiz ehtimalla Kozinoğluna aid olduğu təsdiqlənib. Toksikoloji müayinələrdə sianid və ya dərman təsiredici maddəsi aşkarlanmayıb. Lakin hesabatın ən diqqətçəkən məqamı məzar torpağında ümumiyyətlə tapılmayan, saçın hər qramında 548, dırnaqda isə 7002 nanogram kimi son dərəcə yüksək miqdarda müəyyən edilən zəhərli maddə — antimon olub.

Kimyəvi quruluşu və zəhərləyici təsiri baxımından arsenlə böyük oxşarlıq göstərən antimon yüksək dozada kəskin zəhərlənməyə və infarkta səbəb ola bilər. Bu maddənin torpaqdan meyitə keçmədiyinin sübut olunması bir sıra suallar yaradıb.

Toxumalarda aşkarlanan bu zəhərli maddə və bütün ziddiyyətli nəticələr fonunda ölümün arxasındakı sirri aydınlaşdıracaq yekun qərarı Məhkəmə-Tibbi Ekspertiza Qurumu Birinci İxtisas Şöbəsi verəcək.

Məhkəmə-Tibbi Ekspertiza Qurumunun Meyitxana Ekspertizası İdarəsi tərəfindən hazırlanan 19 oktyabr 2026-cı il tarixli hesabatda 12 sentyabr 2026-cı ildə qəbrin açılması proseduru ilə çıxarılan meyitin ciddi dərəcədə çürümə və skeletləşmə prosesində olduğu qeyd edilib.

Biologiya Ekspertizası İdarəsinin araşdırmasında sümük nümunələrindən əldə edilən DNT profili ailə üzvlərindən götürülmüş nümunələrlə müqayisə olunub və meyitin Kaşif Kozinoğluna aid olduğu təsdiqlənib.

“Sabah” qəzetindən Atakan Irmağın xəbərinə görə, Kimya Ekspertizası İdarəsinin Toksikologiya şöbəsi toxuma, sümük, saç, dırnaq, kəfən və məzar torpağı da daxil olmaqla, ümumilikdə 36 ayrı nümunə üzərində genişmiqyaslı analiz aparıb.

Müayinələr zamanı sianid, narkotik maddə və ya həşərat zəhərləri aşkarlanmayıb. Bununla belə, qurğuşun, nikel, arsen və kadmium kimi ağır metallar müəyyən edilib. Fizika Ekspertizası İdarəsinin radiasiya yoxlamasının nəticələri isə mənfi olub.

Hesabatda ən diqqətçəkən məqam araşdırılan 7 müxtəlif məzar torpağı nümunəsinin heç birində antimon maddəsinin aşkarlanmamasına baxmayaraq, bu maddənin dırnaqda 7002 ng/q, saçda 548 ng/q, sabunlaşmış toxumalarda 720 ng/q, sümüklərdə isə 175 ng/q səviyyəsində müəyyən edilməsidir.

Qurğuşun, nikel və arsen kimi metalların məzar torpağında yüksək miqdarda olması onların ölümsonrası diffuziya — torpaqdan meyitə keçmə ehtimalını yaradır. Lakin torpaqda ümumiyyətlə aşkarlanmayan antimonun bioloji toxumalarda bu qədər yüksək miqdarda olması maddənin orqanizmə kənardan daxil edilməsi ehtimalını və məhkəmə araşdırması ilə bağlı şübhələri gücləndirib.

Məhkəmə-tibb ədəbiyyatında hüceyrə səviyyəsində arsenə bənzər zədələnmələrə səbəb olduğu bildirilən antimonun ağır mədə-bağırsaq pozğunluqlarına, qaraciyər və böyrək çatışmazlığına, eləcə də ürək-damar şokuna yol açaraq ölümcül nəticələrə səbəb ola bildiyi qeyd olunur.

Kozinoğlunun 2011-ci ildəki şübhəli ölümü zamanı ölüm səbəbinin infarkt göstərilməsi də diqqət çəkir.

Kozinoğlunun ölümündən qısa müddət əvvəl həbsxanada qəhvə içdiyinə dair iddialar və istintaq materiallarında yer alan şübhələr hesabatda ortaya çıxan antimon və arsen nəticələri ilə birlikdə yenidən qiymətləndirilməyə başlanıb.

Məhkəmə toksikologiyası ədəbiyyatında qəhvə acı dadı, kəskin qoxusu və tünd tərkibi səbəbindən kimyəvi maddələrin dad və qoxu fərqlərini gizlədə bilən təsirli daşıyıcı vasitə kimi tanınır.

Xüsusilə suda və mayelərdə həll ola bilən antimon və arsen kimi ağır metalların qəhvə kimi şəkərli və ya ətirli isti içkilərə qarışdırıldıqda hiss edilməsi olduqca çətin ola bilər. Maye şəklində qəbul edilən zəhərli kimyəvi maddələrin həzm sistemindən qan dövranına sürətlə qarışaraq orqanizmdə qəfil təsirlər göstərə bildiyi bildirilir.

Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı aparılan ümumi istintaq çərçivəsində indiyədək 30 nəfər barəsində hüquqi tədbirlər görülüb.

Həmin dövrdə Silivri Respublika Baş prokuroru olmuş Ali İşgören, keçmiş MİT əməkdaşı Enver Altaylı, həbsxana mühafizəçisi və təcili tibbi yardım texniklərinin də daxil olduğu 9 şübhəli həbs edilib. Bir əməkdaş barəsində isə həbs qərarı çıxarılıb.

İstintaqın ən maraqlı detallarından birini “Kurtlar Vadisi Pusu” serialı təşkil edib. Prokurorluq Kozinoğlunun ölümündən qısa müddət əvvəl yayımlanan bölümlərdə “Kazım Kaşifoğlu” obrazının halı pisləşərək öldürüldüyü səhnələrlə real ölüm hadisəsi arasındakı zaman uyğunluğunu araşdırıb və serialın yaradıcı heyətinin ifadəsinə müraciət edib.

Sübutların gizlədilməsi, tibbi müdaxilənin gecikdirilməsi və sui-qəsd iddiaları ilə bağlı hüquqi araşdırma hərtərəfli şəkildə davam etdirilir.

Musavat.com