Almaniyanın Drezden Texniki Universitetinin Regenerativ Terapiyalar Mərkəzinin alimləri insan, şimpanze və qorillanın beyin modellərini müqayisə edərək insan beyninin daha böyük olmasının səbəblərini araşdırıblar.
Editor.az xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu Nature Communications elmi jurnalında dərc olunub.
Araşdırmanın nəticələrinə görə, insan beyninin böyüklüyünün əsas səbəbi xüsusi genlərin mövcudluğu deyil, digər primatlarla ortaq olan genlərin fərqli şəkildə fəaliyyət göstərməsidir.
İnsanda mücərrəd düşüncə, uzunmüddətli planlaşdırma və nitq kimi mürəkkəb idrak funksiyalarına cavabdeh olan neokorteks digər insanabənzər primatlarla müqayisədə xeyli böyükdür. Əvvəllər bəzi insan genlərinin beyin inkişafında mühüm rol oynadığı müəyyən edilsə də, bu amil neokorteksin təkamül prosesində genişlənməsini tam izah etmirdi. Üstəlik, insan və digər primatların genomları təxminən 98–99 faiz üst-üstə düşür.
Meymunların beyin inkişafını birbaşa izləmək etik səbəblərdən mümkün olmadığından, alimlər alternativ tədqiqat metoduna müraciət ediblər. Bunun üçün kök hüceyrələrdən yetişdirilən və beyin qabığının ilkin inkişaf mərhələsini modelləşdirən üçölçülü hüceyrə strukturlarından — orqanoidlərdən istifadə olunub.
İnsan, şimpanze və qorillaya aid orqanoidləri müqayisə edən tədqiqatçılar genlərin fəaliyyətini tənzimləyən, DNT-nin qısa hissələrindən ibarət təxminən 600 genetik tənzimləyici element müəyyən ediblər.
Araşdırma göstərib ki, bu elementlər insan hüceyrələrində şimpanze və qorilla hüceyrələri ilə müqayisədə daha aktiv fəaliyyət göstərir.
Müəyyən edilmiş tənzimləyici elementlərin bir çoxu hüceyrələrin formasına, xüsusilə də sinir kök hüceyrələrinin uzun və şaxələnmiş çıxıntılarının inkişafına təsir edən genləri idarə edir.
Alimlər insan beyni orqanoidlərində həmin genlərdən ikisinin fəaliyyətini dayandırdıqda hüceyrələrin şaxələnmə qabiliyyətinin azaldığını müşahidə ediblər. Təcrübələrdən birində isə neyronların sayı da azalıb.
Tədqiqatçılara görə, daha çox şaxələnmiş hüceyrələr ətraf mühitdən daha çox siqnal qəbul edir, daha tez-tez bölünür və nəticədə daha çox neyronun yaranmasına şərait yaradır. Bu proses isə beynin ölçüsünün artmasına töhfə verə bilər.
Tədqiqatın rəhbəri, professor Mareyke Albert bildirib ki, insan beyninin inkişafını izah etmək üçün mütləq xüsusi genlərin mövcudluğunu axtarmaq lazım deyil.
Onun sözlərinə görə, genomların demək olar ki, eyni olması göstərir ki, insanlar və digər primatlar eyni genetik mexanizmlərdən istifadə edir, lakin bu mexanizmlərin fəaliyyət tənzimlənməsi fərqlidir.
Beləliklə, araşdırma insan beyninin təkamül prosesində böyüməsinin səbəblərindən birinin genlərin özündən daha çox, onların fəaliyyətini idarə edən mexanizmlərdəki fərqlərlə bağlı olduğunu ortaya qoyur.
//Gülnarə Abasova, Editor.az

