Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi motosiklet və skuter sürücülərinə müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.
Editor.az xəbər verir ki, Mərkəzin açıqlamasında bəzi iki təkərli nəqliyyat vasitələrinin sürücülərinin paytaxt yollarında təhlükəli davranışlar sərgilədiyi bildirilib.
Qeyd olunub ki, bəzi sürücülər svetoforun qırmızı işığında hərəkəti davam etdirir, eləcə də yollarda təhlükəli manevrlər edərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atırlar.
Mərkəz vurğulayıb ki, motosiklet və skuter idarə etmək yol hərəkəti qaydalarını pozmağa və məsuliyyətdən yayınmağa əsas vermir. Bu cür qanun pozuntuları ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Açıqlamada sürücülərə müşahidə kameraları tərəfindən qeydə alınmış iki yol qəzasının görüntülərini izləmək və baş verən hadisələrdən nəticə çıxarmaq tövsiyə olunub.
NİİM iki təkərli nəqliyyat vasitələrini idarə edən şəxsləri yollarda daha diqqətli olmağa, qaydalara riayət etməyə və digər insanların təhlükəsizliyini nəzərə almağa çağırıb.

