Səhiyyə Nazirliyində vətəndaş müraciətlərinin idarə olunmasını asanlaşdırmaq və qəbul prosesini daha səmərəli təşkil etmək məqsədilə yeni rəqəmsal modul istifadəyə verilib.
Editor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Yeni sistem Prezidentin 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində hazırlanıb. Nazirliyin Rəqəmsal Səhiyyə Mərkəzi tərəfindən yaradılan “Vətəndaş qəbulu” modulu qurumun internet portalında istifadəyə verilib.
Elektron platforma vətəndaşların qəbula dair məlumatlarının qeydiyyatını, müraciətlərin icra vəziyyətinin izlənilməsini və nəticələrin təhlilini vahid sistemdə birləşdirir.
Modulda hər bir qəbul haqqında məlumat ayrıca elektron kartda əks olunur. Burada vətəndaşın məlumatları, müraciətin məzmunu, məsul əməkdaş, aidiyyəti struktur bölmə və qəbulun nəticəsi qeydə alınır. Sistem həmçinin lazımi məlumatların avtomatik əldə edilməsinə, müvafiq sənədlərin elektron formada əlavə olunmasına və eyni məlumatların təkrar daxil edilməsi ehtiyacının azaldılmasına imkan verir.
Vətəndaş müraciətlərinə nəzarət gücləndirilir
Yeni elektron həll müraciətlərin hansı mərhələdə olduğunu izləməyi və onların nəticələrini təhlil etməyi asanlaşdırır. İstifadəçilər müxtəlif meyarlar üzrə axtarış və filtrasiya imkanlarından yararlana, müraciətlərin statusları barədə məlumat əldə edə bilərlər.
Sistem vasitəsilə rəhbərlik üçün gündəlik, həftəlik, aylıq və digər dövrləri əhatə edən analitik hesabatlar da hazırlana bilir.
Bu funksiyalar müraciətlərin əsas mövzularını, aidiyyəti şöbələr üzrə bölgüsünü və qəbul nəticələrini daha operativ qiymətləndirməyə şərait yaradır. Eyni zamanda, mövcud çətinliklərin müəyyənləşdirilməsi və idarəetmə qərarlarının konkret məlumatlara əsaslanması üçün əlavə imkanlar formalaşdırır.
Səhiyyə Nazirliyinin yeni modulu daxili iş proseslərinin rəqəmsallaşdırılmasına, vətəndaşlarla işin səmərəliliyinin yüksəldilməsinə, nəzarət və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir.
Sistem vasitəsilə vətəndaş qəbulları ilə bağlı məlumatların vahid elektron mühitdə toplanması və idarə olunması təmin edilir.



