“AZCON Holding”ə daxil olan Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin yanvar-sentyabr aylarında sərnişindaşıma göstəriciləri, yeni marşrutlar və rəqəmsal xidmətlər sahəsində bir sıra yeniliklərə imza atıb. Aviaşirkət hesabat dövründə beynəlxalq mükafatlar da qazanıb.
Editor.az xəbər verir ki, AZAL-ın yaydığı məlumata əsasən, ilin ilk doqquz ayında ümumilikdə 14,1 min reys yerinə yetirilib və 3,3 milyona yaxın sərnişinə xidmət göstərilib. Sərnişinlərin 2,6 milyondan çoxu beynəlxalq uçuşlardan istifadə edib. Bu müddətdə təyyarələrin orta doluluq səviyyəsi 79 faiz, uçuşların vaxtında yerinə yetirilməsi göstəricisi isə 81 faiz olub.
Bakı hava limanı vasitəsilə tranzit keçən sərnişinlərin sayında da artım qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 29 faiz yüksələrək 419 min nəfərə çatıb.
AZAL üçün ən intensiv gün avqustun 15-i olub. Həmin tarixdə aviaşirkət 72 reys həyata keçirib. Sentyabrın sonuna olan məlumata görə, müntəzəm uçuş şəbəkəsi 55 istiqaməti əhatə edib.
Bakı-Naxçıvan reysləri ilə 650 minə yaxın sərnişin daşınıb
Yanvar-sentyabr aylarında Bakı-Naxçıvan-Bakı marşrutu üzrə təxminən 3,2 min uçuş həyata keçirilib. Bu reyslərdən 650 minə yaxın sərnişin yararlanıb. Marşrut üzrə ən çox uçuşun qeydə alındığı gün iyunun 15-i olub. Həmin gün 25 reys icra edilib.
AZAL yeni istiqamətlər üzrə uçuşlara başlayıb
Aviaşirkət marşrut şəbəkəsini genişləndirərək Qars, Atırau və Aktöbə şəhərlərinə birbaşa uçuşlar açıb. Bundan başqa, Bakı-Brüssel-Bakı marşrutu üzrə aviabiletlərin satışına başlanılıb.
Aviabiletlərin ödənişi və əlavə xidmətlər yenilənib
AZAL hesabat dövründə sərnişinlər üçün rəqəmsal imkanları da genişləndirib. Təyyarələrdə POS-terminallar vasitəsilə nağdsız ödəniş etmək imkanı yaradılıb.
Onlayn ödəniş sistemlərinə “Uzum Bank”la əməkdaşlıq çərçivəsində HUMO və UZCARD kartları, eləcə də Alipay və WeChat Pay platformaları əlavə edilib. Sərnişinlərə aviabiletlərin hissə-hissə ödənilməsi seçimi də təqdim olunub.
Bununla yanaşı, “Stopover” xidmətini internet üzərindən sifariş etmək, “Rental Car” vasitəsilə avtomobil icarəyə götürmək və əlavə baqaj almaq imkanları genişləndirilib. Müəyyən hallarda, o cümlədən reys ləğv edildikdə, aviabiletlərin onlayn qaytarılması funksiyası da istifadəyə verilib.
AZAL beynəlxalq mükafatlara layiq görülüb
2026-cı ilin ilk doqquz ayı aviaşirkət üçün beynəlxalq mükafatlarla da yadda qalıb. AZAL “Skytrax World Airline Awards 2026” mükafatları çərçivəsində “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb.
Aviaşirkət “PAX International Readership Awards 2026” mükafatlarında isə MDB regionunda ən yaxşı uçuşdaxili əyləncə və bağlantı xidmətləri nominasiyasında qalib elan edilib. Bundan əlavə, şirkətin iş mühitinin qiymətləndirilməsi nəticəsində ona “Great Place to Work®” sertifikatı verilib.
AZAL uçuş təhlükəsizliyinin təmin edilməsi, yeni istiqamətlərin açılması, əməliyyatların səmərəliliyinin artırılması və sərnişin xidmətlərinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirir.


