Şimali Koreya oktyabrın 12-də ölkənin şərq sahilləri istiqamətində bir neçə ballistik raket buraxıb.
Bu addım Koreya yarımadasında hərbi gərginliyin artdığı və Pxenyanın raket sınaqlarını davam etdirdiyi bir vaxtda baş verib.
Editor.az xəbər Associated Press-in məlumatına görə, raketlər Pxenyan yaxınlığından buraxılıb və onlardan ən azı biri 900 kilometrdən artıq məsafə qət edib. Yaponiya hakimiyyəti də bir-birindən qısa müddət fərqi ilə iki raketin buraxıldığını qeydə alıb. Raketlərdən birinin uçuş xüsusiyyətlərinin hipersəs silahına uyğun olduğu bildirilib.
Seul və Tokio Pxenyana etiraz edir
Cənubi Koreya və Yaponiya raket sınaqlarına etiraz edərək bu cür hərbi fəaliyyətlərin regional təhlükəsizliyə təsir etdiyini vurğulayıblar. Yaponiya diplomatik kanallar vasitəsilə etirazını Çinə də çatdırıb.
Cənubi Koreya hərbi dairələri hesab edirlər ki, Pxenyan bu sınaqlarla raket texnologiyalarını təkmilləşdirməyə və Seulun öz hərbi imkanlarını inkişaf etdirməsinə cavab verməyə çalışır.
Gərginliyin artmasına səbəb olan digər amillərdən biri də Cənubi Koreyanın oktyabrın 9-da hipersəs silahı ilə bağlı sınaq keçirməsidir. Bununla yanaşı, son günlərdə Koreya yarımadasında baş verən mina partlayışları da iki ölkə arasındakı qarşıdurmanı dərinləşdirib.
Cənubi Koreyanın üç hərbçisi mina partlayışları nəticəsində yaralanıb. Seul hadisələrdə Şimali Koreyanın məsuliyyət daşıya biləcəyini bildirsə də, Pxenyan ittihamları rədd edib.

