Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin ətrafında qalmaqallar səngimək bilmir. Bir tərəfdə 200 minlik “Land Cruiser”, Bakı və Naxçıvanda villalar, mənzillər, obyektlər… Digər tərəfdə isə evinə çörək pulu apara bilməyən, aylarla maaş üzünə həsrət qalan fəhlələr.
Editor.az Musavat.com-a istinadən xəbər verir ki, təşkilatın adı kağız üzərində zəhmətkeşlərin, fəhlələrin, sadə işçilərin sosial və əmək hüquqlarını müdafiə etmək olsa da, reallıqda tamamilə əks mənzərə yaşanır. Mətbuata sızan siyahı göstərir ki, qurum rəhbərinin mal-dövləti, şəxsi imkanları təkcə Naxçıvanı deyil, paytaxt Bakını da bürüyüb.
Siyahının ilk diqqətçəkən məqamı Qəzənfər Abdullayevin istifadəsində olan, bazar dəyəri təxminən 200 min manat civarında qiymətləndirilən Az 75 RA 900 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobildir. Qeydiyyat nişanındakı “RA” hərflərinin onun oğlu Rəhman Abdullayevin ad və soyadının baş hərfləri ilə eynilik təşkil etməsi isə təsadüfə bənzəmir. Şirnikləndirici xüsusi seriyalar, baha qiymətli nömrələr və lüks nəqliyyat vasitələri…
Lakin bu, dəryada damladır. Əmlak geologiyası daha dərin qatlara gedib çıxır. Naxçıvan şəhərində, “Sizin Market”in yerləşdiyi ən baha yaşayış binasında lüks mənzil; Əlixan məhəlləsində 3 mərtəbəli nəhəng və bahalı fərdi malikanə; Naxçıvanın prestijli ərazilərindən sayılan “Əyləncə adası”nın qarşısındakı “Yaşıl Ada” kompleksində növbəti mənzil; Yaşayış sahələri ilə yanaşı, birbaşa biznes fəaliyyətinə bağlı ticarət obyekti “Moon” kafesi; Bakının mərkəzində “Gənclik” metrosu yaxınlığında lüks mənzil; Paytaxtda istifadə olunan, qiyməti yüz minlərlə ölçülən növbəti lüks alman avtomobili “Mercedes-Benz S-Class”.
Dövlət və ictimai xarakterli strukturlarda çalışan bir məmurun bu miqyasda daşınmaz əmlaka, lüks avtomobil parkına və kommersiya obyektlərinə sahib olması hansı məntiqə, hansı rəsmi gəlir cədvəlinə sığır? Bu sərvətin mənbəyi haradan qaynaqlanır?
Qurumdakı kadr siyasəti də acınacaqlı mənzərəni tamamlayır. Məlumata görə, Naxçıvan Vergi Xidmətində çalışarkən korrupsiya faktına görə işdən qovulan Zamiq Hümbətov Həmkarlar İttifaqında peyda olub. Daha dəqiqi, Həmkarlar İttifaqında xüsusi olaraq “Daxili Təhlükəsizlik Şöbəsi” yaradılıb və korrupsiyaya görə sistemdən kənarlaşdırılan ziddiyyətli fiqur məhz bu şöbəyə rəis gətirilib. Korrupsiya ittihamı ilə işdən çıxarılan şəxsin daxili təhlükəsizliyə rəhbər təyin edilməsi hansı idarəetmə standartının, hansı məntiqin nəticəsidir? Bu, özü-özlüyündə fəaliyyət prinsiplərinin necə qurulduğunu aydın göstərir.
Dramın ən acınacaqlı tərəfi isə Həmkarlar İttifaqları Şurasının tabeliyində olan Duzdağ Müalicə Mərkəzində yaşanır. Sədr dəbdəbə içində yaşayarkən, müəssisənin işçiləri aylarla əməkhaqqı ala bilmirlər. İllərdir ağır şəraitdə çalışan, hüquqları tapdanan, əməkhaqları gecikdirilən işçilərin müxtəlif dövlət instansiyalarına etdikləri kütləvi şikayətlər isə hər dəfə müəyyən müdaxilələrlə boğulub, məsələnin üstü ört-basdır edilib. Hətta haqqını tələb edən fəhlələrə qarşı fiziki və psixoloji təzyiqlərin, zorakı davranışların edildiyi də gələn xəbərlər sırasındadır.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

