İki aydır Emin Əmrullayevi tapa bilmirəm – deputat nazirə irad bildirdibackend

İki aydır Emin Əmrullayevi tapa bilmirəm – deputat nazirə irad bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Səyyad Aran iki aydır elm və təhsil naziri Emin Əmrullayevlə əlaqə saxlamağa çalışdığını, lakin nazirin və köməkçisinin onun zənglərinə cavab vermədiyini bildirib.

“İki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm. Təqvimimdə saatı ilə yazıram ki, zəng etdim, cavab vermədi. Axı köməkçisi var. Baxıb görməlidir ki, deputat zəng edib və geri zəng edərək soruşmalıdır: ‘Səyyad müəllim, nə məsələdir?’ İki, üç, dörd ay keçir, cavab vermir. Köməkçisi də zəng edib soruşmur”, – Aran parlamentdə çıxışı zamanı deyib.

Deputat bildirib ki, nazirlə Qaraxanlı tam orta məktəbinin 120 illik yubileyinin keçirilməsi və məktəbə direktor təyin olunması məsələsini müzakirə etmək istəyir.

“Aprel ayından deyirəm ki, Qaraxanlı orta məktəbinin 120 illiyi sentyabrda tamam olur. Nə iş görürsünüz? Eşitmişəm ki, tədbiri oktyabrın 10-da keçirəcəklər. Ancaq hələ mənə məlumat verilməyib. Məktəbə direktor da müəyyənləşdirilməyib”, – o deyib.

Aran ölkədə bir çox məktəbin direktorsuz fəaliyyət göstərməsinin tədrisin keyfiyyətinə və nizam-intizama mənfi təsir etdiyini bildirib.

“Məktəbin direktoru yoxdursa, orada hansı nizam-intizamdan söhbət gedə bilər? Direktor olmadığına görə müəllimlər işə gecikir, keyfiyyətsiz dərs keçir, yaxud ümumiyyətlə dərsə gəlmirlər”, – deputat qeyd edib.

Onun sözlərinə görə, direktor vəzifəsini müvəqqəti icra edən şəxsin göstərişləri də bəzi müəllimlər tərəfindən yerinə yetirilmir.

Aran məktəb direktorlarının nazirliyin, yerli icra hakimiyyətinin və təhsil sektorunun nümayəndələrinin iştirakı ilə, müəllim kollektivinin rəyi əsasında seçilməsini təklif edib.

“Bir nəfər nazirliyin nümayəndəsi, bir nəfər icra hakimiyyətindən, bir nəfər də yerli sektor müdiri olur. Məktəbdə yığıncaq keçirirsiniz, kollektivin rəyi ilə kimi istəyirlərsə, onu da seçirsiniz. Bu, bu qədər ağır işdir?” – deputat deyib.

/anews.az/