Ermənistanın baş naziri Nikol Paşinyan İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarına gözlənildiyi kimi emosional dəstək vermədi. Əksinə, o, bu mövzunun siyasi alətə çevrilməsinin Ermənistanın maraqlarına uyğun olmadığını bildirib.
“Svobodnaya Pressa” Paşinyanın “soyqırım” məsələsinə görə niyə İsrailə “sağ ol” deməməsinin səbəblərini araşdırıb.
Nəşr yazır ki, Paşinyanın hazırkı bəyanatı diqqət çəkir: “Çünki 2021-ci ildə ABŞ prezidenti Co Bayden Vaşinqtonun analoji qərarını açıqlayanda Ermənistanın baş naziri bunu böyük diplomatik uğur adlandırmış, Baydenə açıq təşəkkür etmişdi. Beş il sonra isə eyni mövzuda tamamilə fərqli ritorika seçilməsi İrəvanın xarici siyasət prioritetlərinin dəyişdiyini göstərir. Son illərdə Ermənistan rəhbərliyi Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasını əsas siyasi hədəflərdən biri elan edib. Sərhədlərin açılması, regional kommunikasiyaların bərpası və sülh sazişi istiqamətində aparılan danışıqlar fonunda “soyqırımı” məsələsinin ön plana çıxarılması bu prosesi çətinləşdirə bilər”.

Ekspertlər hesab edirlər ki, qərarın zamanlaması təsadüfi deyil. Siyasi analitik Mixail Neyjmakın nəşrə dediyinə görə, İsrail bununla Türkiyəyə qarşı daha sərt siyasi mesaj verməyə çalışır: “Son illərdə Ankara ilə Təl-Əviv arasında münasibətlər Qəzza müharibəsi və regional təhlükəsizlik məsələləri səbəbindən ciddi şəkildə gərginləşib. Digər ehtimal isə İsrailin beynəlxalq erməni diasporu ilə münasibətlərini gücləndirmək istəməsi ilə əlaqələndirilir. Bununla belə, ekspertlər bu amilin hələlik əsas motiv olduğunu düşünmürlər”.
Analitiklərin fikrincə, Paşinyanın ehtiyatlı mövqeyi təkcə Ankara və Bakı ilə bağlı deyil. Ermənistan rəhbərliyi eyni zamanda İranla münasibətləri də nəzərə alır. Belə bir şəraitdə İsrail hökumətinin qərarını yüksək səviyyədə alqışlamaq İrəvanın regional diplomatik balansına mənfi təsir göstərə bilər. Bundan başqa, Ermənistanın Rusiya ilə münasibətlərində davam edən gərginlik fonunda İrəvan Türkiyə və Azərbaycan istiqamətində əldə etdiyi diplomatik dinamikanı itirmək istəmir.
Paşinyanın açıqlaması göstərir ki, Ermənistan rəhbərliyi artıq “soyqırımı” mövzusuna əvvəlki illərdə olduğu kimi emosional deyil, daha çox praqmatik xarici siyasət prizmasından yanaşır. Bu yanaşma İrəvanın regionda yeni geosiyasi reallıqlara uyğunlaşmaq cəhdi kimi qiymətləndirilə bilər. Bununla yanaşı, İsrailin qərarı Türkiyə, Azərbaycan və Ermənistan arasında həssas diplomatik balansı yenidən gündəmə gətirərək Cənubi Qafqazda siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib.
Musavat.com

