Peşə Təhsili üzrə Dövlət Agentliyində elə karyera marşrutları cızılır ki, coğrafiya dərsliyinə yeni xəritə əlavə etmək lazım gəlir.
Bizimesr.info bildirir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyində kadr təyinatları ilə bağlı redaksiyamıza daxil olan məlumatlar qeyri-adi karyera mənzərəsi ortaya çıxarır. Məlum olur ki, peşə təhsilində adi coğrafiya müəlliminin üfüqləri o qədər geniş ola bilər ki, bir müddət sonra xəritədəki bütün nəqliyyat vasitələrinə rəhbərlik etmək ehtimalı da müzakirə mövzusuna çevrilər.
Coğrafiyadan sənayeyə, sənayedən səmaya, səmadan yerin altına!
Belə marşrutu turizm şirkətləri belə təklif etmir. Üstəlik, burada nə aviabiletə, nə qatara, nə də transferə ehtiyac var. Sadəcə kadr təyinatı kifayətdir! Bir müəllim, dörd istiqamət, bir karyera xəritəsi və vəzifələr…
Məlumata görə, hazırda Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində direktor müavini vəzifəsində çalışan Zərin Ələsgərova ixtisasca coğrafiya müəllimidir. O, təxminən üç il məcburi köçkün məktəblərinin birində coğrafiya müəllimi işlədikdən sonra, 2023-cü ildə Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində təlim-tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.
2026-cı ilin sentyabrında isə Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə tədris hissə müdiri vəzifəsinə keçirilib, təxminən 1 ay sonra Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində direktor müavini təyin olunub. Hələ bitməyib… İndi isə onun həmin mərkəzə direktor təyin ediləcəyi barədə məlumatlar dolaşır. Və yəqin ki, çızılmış xəritə planı bununıla da bitəcək…
Bir vaxtlar şagirdlərə dağları, düzənlikləri, çayları və ölkələrin coğrafi mövqeyini öyrədən müəllimin karyera xətti indi sənaye müəssisələrindən təyyarələrə, avtomobillərdən qatarlara qədər uzanır. Bu, artıq coğrafiya deyil, bütöv nəqliyyat atlasıdır! Deyəsən, adi coğrafiya dərsində “Nəqliyyatın coğrafiyası” mövzusu keçiləndə nəzəriyyə ilə kifayətlənməyənlər də var.
Bəziləri mövzunu praktikada öyrənir – əvvəl sənaye, sonra aviasiya, daha sonra dəmir yolu… Karyera belə davam etsə, növbəti dayanacağın dəniz nəqliyyatı olması da xəritədə özünə yer tapa bilər. Əlbəttə, bu, bizim zarafatımızdır. Amma mövcud marşrutun özü kifayət qədər maraqlıdır.

Coğrafiya müəllimi hara, aviasiya hara?
Əlbəttə, diplomda yazılan ixtisas insanın bacarıqlarına vurulan möhür deyil. Coğrafiya məzunu yaxşı rəhbər də ola bilər, bacarıqlı idarəçi də. Ancaq peşə təhsili müəssisələrinin rəhbərliyindən söhbət gedəndə məsələ bir qədər fərqlidir. Burada gələcəyin mexanikləri, dəmiryolçuları, avtomobil mütəxəssisləri, sənaye işçiləri hazırlanır. Bu sahələrin hər birinin öz texniki xüsusiyyətləri, tədris tələbləri və istehsalat ehtiyacları var. Coğrafiya müəllimi xəritədə hava limanını asanlıqla tapa bilər. Amma aviasiya üzrə kadr hazırlığının idarə edilməsi xəritədə hava limanının yerini göstərməkdən bir qədər fərqli məsələdir.
Məhz buna görə rəhbər vəzifələrə təyinatda ixtisas uyğunluğu, idarəçilik təcrübəsi və konkret sahəni bilmək məsələləri kənarda qala bilməz.
Peşəkarlar depoda, karyera ekspresində kimlərdir?
Peşə təhsili müəssisələrində illərlə çalışan, istehsalat təlimini bilən, tələbələrlə işləyən, müvafiq sahələr üzrə təcrübə toplayan mütəxəssislər var. Onlar bəzən illərlə öz sahələrində çalışır, təcrübə qazanır, sistemin içində yetişirlər. Belə mütəxəssislər qala-qala kənardan gətirilən kadrların müxtəlif istiqamətlər üzrə rəhbər vəzifələrə təyin edilməsi təbii olaraq diqqət çəkir. Dəmiryolunu bilən mütəxəssislər, aviasiya üzrə təcrübəsi olan kadrlar, sənaye sahəsində çalışan peşəkarlar mövcud olduğu halda, bu vəzifələrə namizədlər hansı meyarlarla seçilir?
Görünür, peşə təhsilində iki ayrı xətt var – biri illərlə təcrübə toplayanların getdiyi xətt, digəri isə qısa müddətdə müxtəlif müəssisələr arasında hərəkət edən karyera ekspresi. Birincilər stansiyalarda dayanıb təcrübə toplayır, ikincilərin marşrutu isə elə sürətlə dəyişir ki, sərnişinlər yox, müşahidəçilər çaşır.
Agentlikdə coğrafiya sevgisi, yoxsa yeni kadr strategiyası?
Mövzunun daha maraqlı tərəfi də var. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov da coğrafiya ixtisası üzrə təhsil aldığı deyilir. Beləliklə, coğrafiya ixtisası ilə peşə təhsili rəhbərliyi arasındakı əlaqə müzakirəyə əlavə rəng qatır. Bəlkə Agentlikdə coğrafiyaçılara xüsusi rəğbət var? Bəlkə yeni kadr siyasətinin əsas prinsipi “dünyanı tanıyan, bütün sahələri idarə edə bilər” yanaşmasıdır?
Yoxsa coğrafiyaçılar peşə təhsilinin inkişaf xəritəsini hamıdan yaxşı oxuyurlar? Bunlar, əlbəttə, yumorlu suallardır. Amma bir məqamı da unutmayaq – diplomun adı nə olursa-olsun, rəhbər vəzifəyə təyinatın əsaslandırılması peşəkar meyarlarla aparılmalıdır. Yox, əgər məsələ sadəcə təsadüflərdən ibarətdirsə, onda bu təsadüflər də bir-birinə elə uyğun gəlib ki, ortaya ayrıca coğrafi marşrut çıxıb.
Nazir kadr siyasətindən danışır, Agentlik isə marşrut çəkir?
Elm və təhsil naziri Emin Əmrullayev kadr potensialının inkişafından, düzgün təyinatlardan və təhsilin keyfiyyətindən danışır. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı isə coğrafi atlas yaratmaq istəyir, coğrafiyanı səma ilə, yerin altı ilə əlaqələndirməyə çalışır… Buna nə ehtiyac var görəsən?
Bizimesr.info

