Putin Ermənistana “kartlarını aç” mesajı verdi – 102-ci baza ilə bağlı kritik mərhələbackend

Putin Ermənistana “kartlarını aç” mesajı verdi – 102-ci baza ilə bağlı kritik mərhələ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Rusiya hərbi bazasının gələcəyi ilə bağlı müzakirələrin yenidən gündəmə gəlməsi Cənubi Qafqazda təhlükəsizlik balansının necə dəyişə biləcəyi məsələsini də ön plana çıxarır. 102-ci bazanın statusu təkcə Moskva ilə İrəvan arasındakı münasibətlərin göstəricisi deyil, eyni zamanda regionda formalaşan yeni geosiyasi reallıqlar kontekstində mühüm amil hesab olunur. Ermənistanın Qərb strukturları ilə yaxınlaşmaq siyasəti fonunda Rusiya ilə hərbi-strateji əməkdaşlığın gələcəyi ilə bağlı qeyri-müəyyənliklərin artması isə prosesin regional təhlükəsizlik baxımından əhəmiyyətini daha da yüksəldir. Bu baxımdan, Moskvanın Gümrüdəki hərbi bazanın taleyi ilə bağlı mövqeyi İrəvanın xarici siyasət seçimlərinə verilən mesaj kimi də dəyərləndirilə bilər.

Politoloq Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, Rusiya-Ermənistan münasibətləri hazırda elə bir nöqtəyə yetişib ki, bu nöqtədə bütün mübahisəli məsələlərlə bağlı hər iki tərəfin kartlarının açılmasına ehtiyac var:

“Bütün hallarda Rusiya bütün məsələlərlə bağlı mövqelərin açıq olmasını istəyir. Çünki Ermənistanın indiki cəhdləri və səylərinin arxasında hansı məqsədin dayandığını Rusiya yaxşı bilir. Rusiya bilir ki, Ermənistan imkan daxilində, mümkün qədər Rusiyadan uzaqlaşmağa, xarici siyasətində yeni qütblərə doğru meyllənməyə çalışır. Amma Ermənistan tərəfində vəziyyət bir qədər fərqlidir. O mənada ki, hələ Ermənistan bütün məsələlərlə bağlı özünün kartlarının hamısını açıq şəkildə oyuna daxil etmək istəmir. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxıb-çıxmamaqla bağlı Ermənistan qəti mövqe, aydın bir ifadə bildirmir. Eləcə də 102-ci hərbi bazanın ölkədə qalıb-qalmayacağı ilə bağlı konkret mövqe bildirmir. Amma xüsusilə də bu iki məsələ ilə əlaqədar Rusiya tərəfi, Putin Ermənistandan intensiv və iddialı şəkildə konkret cavab və məlumat gözləyir.

Bu, indiki Ermənistan-Rusiya münasibətlərinin təbiətindən doğan bir şeydir. Rusiya, aydındır ki, Ermənistanın bütün məsələlərlə bağlı mövqeyini tam ortaya qoymasını, qoymasına çalışır ki, Ermənistana yönəlik siyasətinin bütün elementlərini işləyə bilsin. Hazırkı şəraitdə, əgər Rusiya Ermənistanın KTMT-dən qətiyyətlə çıxmaq, Avrasiya İqtisadi İttifaqından və yaxud da ki, Avropa İttifaqına qoşulmaq, 102-ci bazanı ölkədən çıxartmaq məsələsində həqiqi mövqeyini hələlik bilmədiyinə görə Ermənistanla bağlı qəti siyasətini müəyyənləşdirə bilmir. Hansı ki, Rusiya, Putin Ermənistanla bu gün aparacağı siyasətin bütün elementlərini işləməyə çalışır. Bunun üçün Putin hər şeyi bilməlidir. Çalışır ki, Ermənistanın qarşısında dayanan məsələlərlə əlaqədar onun bütün niyyətlərini, planlarını indidən bilsin”.

Politoloqun sözlərinə görə, 102-ci bazanın regiondan çıxarılması məsələsində Ermənistan da çox həssas yanaşır, amma Rusiya da özünü çox arxayın aparır:

“Belə görünür ki, Rusiyanın özünü 102-ci bazanın getməsi məsələsində arxayın aparmasının arxasında variant olaraq iki ehtimal var:

1. Birincisi bundan ibarətdir ki, Putin Ermənistanın 102-ci bazanı çıxaracağı təqdirdə ona qarşı çox təsirli addımlar atacağı ilə bağlı aydın təsəvvürə malikdir. Yəni bu halda Putin bilir ki, Ermənistana nə edəcək.

2. İkincisi isə Putin sadəcə olaraq Ermənistanın 102-ci bazanı çıxarmaq tələbini ortaya qoyacağı təqdirdə ona qarşı kəskin addımlar ata bilməyəcəyini başa düşür.

Hər iki variant üçün Putinin, aydın məsələdir ki, öncədən hazırlıqlar görməyinə ehtiyac var. Amma əlbəttə, 102-ci bazanın artıq neçə illərdir Ermənistanda mövcud olduğunu nəzərə alsaq və Ermənistanın bu bazanı ölkədən çıxartmasının o qədər də asan başa gəlməyəcəyini düşünmək olar. Hətta bu, Ermənistan üçün bir sıra ciddi problemlər də yarada bilər. Hətta mümkündür ki, Ermənistanda Putinin, xüsusilə də “Erməni xalqı məsləhət görərsə, biz ölkədən gedəcəyik” kimi bəyanatının arxasında, əlbəttə, müəyyən şübhəli planların ola biləcəyini istisna eləmək olmaz. Amma hər şey burada asılı olacaq ondan ki, Ermənistan cəmiyyəti Rusiyanın Ermənistandan çıxarılmasına əksəriyyətən nə reaksiya verəcək”.

//Gülnarə Abasova, Editor.az