Ətirli təmizlik vasitələri ilə bağlı təhlükə üzə çıxıb: alimlər havada milyardlarla nanohissəcik aşkarlayıbbackend

Ətirli təmizlik vasitələri ilə bağlı təhlükə üzə çıxıb: alimlər havada milyardlarla nanohissəcik aşkarlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ alimləri xəbərdarlıq edir: ətirli gel və spreylər otaq havasında ağciyərlərə qədər nüfuz edə bilən ultraxırda hissəciklərin yaranmasına səbəb ola bilər.

Editor.az xəbər verir ki, ABŞ-ın Purdue Universitetinin mühəndisləri ətirli təmizlik vasitələrinin qapalı məkanlarda sağlamlıq üçün potensial təhlükə yarada biləcəyini müəyyənləşdiriblər. Araşdırmaya görə, bu məhsullar otaq havasındakı ozonla reaksiyaya girərək milyardlarla ultraxırda nanohissəciyin əmələ gəlməsinə səbəb olur. Nəticələr Amerika Kimya Cəmiyyətinin Çikaqoda keçirilən illik payız toplantısında təqdim edilib.

Tədqiqatçılar bildirirlər ki, limon, şam və lavanda kimi qoxuların yaranmasını təmin edən maddələr — terpenlər — təmizlik zamanı havaya buxarlanır. Onlar otaqda mövcud olan ozonla reaksiyaya daxil olduqda ölçüsü təxminən 1–30 nanometr arasında dəyişən ultraxırda hissəciklər yaranır.

Bu cür hissəciklər adətən sənaye müəssisələrinin fəaliyyəti və yanacağın yanması nəticəsində meydana gələn hava çirkləndiriciləri arasında nəzərdən keçirilir.

Alimlərin məlumatına görə, döşəmələrin yuyulması və ya səthlərin silinməsi zamanı havadakı ultraxırda hissəciklərin konsentrasiyası iynəyarpaqlı meşədəki göstəricidən 100 dəfəyə qədər yüksək ola bilər.

Araşdırmanın müəlliflərindən Brandon Bour qeyd edib ki, təmizlik səthlərdəki virus və bakteriyaların aradan qaldırılmasına kömək etsə də, eyni zamanda gözlə görünməyən hava çirklənməsi yarada bilər.

Mütəxəssislərin əsas narahatlığı bu hissəciklərin son dərəcə kiçik olmasıdır. Standart məişət hava keyfiyyəti sensorları belə ölçüdə olan hissəcikləri aşkar etməyə bilər.

Alimlərin fikrincə, ultraxırda nanohissəciklər nəfəsalma zamanı ağciyərlərin dərin hissələrinə qədər gedə, burada qıcıqlanmaya səbəb ola və müəyyən hallarda qan dövranına keçə bilər. Bu prosesin cəmi bir neçə dəqiqə ərzində baş verə biləcəyi bildirilir.

Tədqiqatçılar xüsusilə qapalı məkanlarda ətirli məişət kimyəvi məhsullarından istifadəyə diqqət yetirməyi məsləhət görürlər.

Onların tövsiyəsinə əsasən, mümkün olduqda kəskin qoxulu vasitələr əvəzinə qoxusuz və ya neytral təmizlik məhsullarına üstünlük verilməli, nəm təmizlik zamanı isə otağın yaxşı havalandırılması təmin edilməlidir.

Mütəxəssislər xüsusilə hava axınının zəif olduğu qapalı məkanlarda təmizlik aparılarkən pəncərələrin açılmasını və ya havalandırma sisteminin işə salınmasını tövsiyə edirlər.

//Gülnarə Abasova, Editor.az