Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin səfəri regionda formalaşmış yeni reallıqların növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından mühüm hadisə oldu. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə keçirilən səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nümayəndənin iştirakı səfərin miqyasını və siyasi əhəmiyyətini aydın şəkildə göstərir. Diplomatik korpus nümayəndələri Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, sosial və iqtisadi infrastruktur layihələri, habelə tarixi-mədəni irsin qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olublar. Bu səfərin 2020-ci ildən etibarən diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 22-ci səfəri olması da xüsusi qeyd edilməlidir.
Səfərin mahiyyətini düzgün qiymətləndirmək üçün ilk növbədə ən fundamental həqiqəti nəzərə almaq lazımdır: söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən gedir. Xarici diplomatların Azərbaycan ərazisində səfər etməsi, Azərbaycanın müxtəlif bölgələrində olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurda da vəziyyətlə yerində tanış olması tamamilə təbii və qanuni prosesdir. Diplomatik nümayəndələrin Xankəndiyə, Şuşaya, Ağdərəyə və Kəlbəcərə səfəri hansısa üçüncü dövlətin daxili məsələsinə müdaxilə deyil. Əksinə, onların qəbul edən dövlətin ərazisində rəsmi proqram çərçivəsində hərəkət etməsi beynəlxalq diplomatik münasibətlərin normal praktikasıdır.
Məhz buna görə də Ermənistan cəmiyyətinin ayrı-ayrı dairələrində və erməni mediasında bu səfərə qarşı nümayiş etdirilən kəskin və təhqiramiz münasibət ciddi suallar doğurur. Söhbət artıq yalnız müəyyən siyasi mövqenin ifadəsindən getmir. Xarici diplomatlara, onların təmsil etdiyi dövlətlərə və beynəlxalq təşkilatlara qarşı səfərdə iştirak etdiklərinə görə təzyiq göstərilməsi cəhdləri Ermənistan cəmiyyətində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qəbul edilməsi prosesinin hələ də ciddi müqavimətlə üzləşdiyini göstərir. Azərbaycan tərəfinin mövqeyini müdafiə edən “Sülh Körpüsü” təşəbbüsünün 14 sentyabr tarixli açıqlamasında da diplomatik korpusun Azərbaycanın suveren ərazisinə səfərinin mübahisə mövzusuna çevrilməsinin qəbuledilməz olduğu vurğulanıb.
Burada Ermənistanın özünün üzərinə götürdüyü siyasi öhdəliklərlə cəmiyyətin müəyyən təbəqələrində müşahidə olunan yanaşma arasında açıq ziddiyyət meydana çıxır. Əgər Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyırsa, o zaman Azərbaycan ərazisində xarici diplomatların səfərinin nəyə görə Ermənistanda belə böyük narahatlıq yaratdığı sual doğurur. Diplomatik nümayəndələrin Azərbaycan ərazisindəki səfərinə görə onların təmsil etdiyi ölkələrə irad bildirilməsi, təzyiq göstərilməsi və müxtəlif ittihamlarla çıxış edilməsi siyasi baxımdan sağlam yanaşma sayıla bilməz.
Əslində bu reaksiyanın kökündə 30 ilə yaxın davam etmiş işğalın yaratdığı stereotiplər dayanır. Ermənistanın siyasi və ictimai düşüncəsinin müəyyən hissəsi uzun illər ərzində Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi deyil, ayrıca siyasi məkan kimi təqdim etməyə çalışıb. Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərinin böyük hissəsini işğaldan azad etməsi, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ölkənin bütün ərazisində suverenliyin tam bərpa edilməsi bu yanaşmanı faktiki olaraq aradan qaldırıb. Bu gün Qarabağ Azərbaycan dövlətinin suveren idarəçiliyi altındadır və burada aparılan bərpa, quruculuq və məskunlaşma prosesləri Azərbaycanın daxili dövlət siyasətinin tərkib hissəsidir.
Diplomatik səfərin Ermənistanı narahat edən əsas məqamlarından biri də məhz xarici nümayəndələrin ərazidəki real vəziyyəti öz gözləri ilə görməsidir. Çünki illər ərzində Ermənistan və erməni diasporunun müxtəlif dairələri Qarabağla bağlı beynəlxalq ictimaiyyətdə müəyyən stereotiplər formalaşdırmağa çalışıblar. Halbuki diplomatik nümayəndələrin Xankəndidə yeni yaradılan infrastrukturla, Qarabağ Universiteti ilə, Şuşada həyata keçirilən bərpa işləri ilə, Kəlbəcərdə və Ağdərədə tarixi-mədəni irs nümunələri ilə yerində tanış olması hadisələrə yalnız təbliğat materialları üzərindən deyil, faktiki müşahidə əsasında qiymət verməyə imkan yaradır. Səfərin proqramında Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi, Zəfər Parkı, Qarabağ Universiteti, sosial-iqtisadi obyektlər, Şuşanın tarixi məkanları və digər ərazilərlə tanışlıq da olub.
Səfərin ikinci günündə Ağdərə və Kəlbəcər istiqamətində davam etdirilməsi, xüsusilə Gəncəsər və Xudavəng monastır komplekslərinin diplomatlara təqdim olunması da mühüm məqamdır. Azərbaycan tərəfi bu abidələri Qafqaz Albaniyasının xristian irsi kontekstində təqdim edib və onların qorunması istiqamətində görülən işlər barədə diplomatik nümayəndələrə məlumat verib.
Məhz burada Ermənistanın reaksiyasının başqa bir mühüm aspekti meydana çıxır. Ermənistan cəmiyyətində səfərə münasibət yalnız siyasi xarakter daşımayıb, tarixi-mədəni irslə bağlı mübahisələr də ön plana çıxarılıb. Gəncəsər və Xudavəngin təqdimatı erməni tərəfinin ciddi etirazına səbəb olub. Bu məsələdə əsas problem ondan ibarətdir ki, tarixi irs məsələsi qarşılıqlı ittihamların deyil, elmi tədqiqatların, ilkin mənbələrin, arxeoloji materialların və beynəlxalq mütəxəssislərin obyektiv araşdırmalarının predmeti olmalıdır.
Qafqaz Albaniyasının tarixi isə Azərbaycan tarixinin mühüm səhifələrindən biridir. Qafqaz Albaniyası qədim və erkən orta əsrlər dövründə Cənubi Qafqazın mühüm siyasi-mədəni qurumlarından biri olub. Onun tarixi və mədəni irsi Azərbaycanın müxtəlif bölgələrində qorunub saxlanılır. Buna görə də Azərbaycanın ərazisində mövcud olmuş Qafqaz Albaniyasının xristian irsinin öyrənilməsi və qorunması elmi və mədəni baxımdan tamamilə qanuni və əsaslı istiqamətdir.
Lakin məsələ yalnız ayrı-ayrı abidələrin hansı etnik və ya dini ənənəyə aid olması mübahisəsindən ibarət deyil. Daha ciddi problem tarixi irsin siyasi məqsədlərlə birtərəfli şəkildə təqdim edilməsidir. Əgər hər bir tarixi abidənin mənsubiyyəti yalnız müasir siyasi iddiaların prizmasından müəyyənləşdirilməyə başlanarsa, bu yanaşma regionun mürəkkəb və çoxqatlı tarixini ciddi şəkildə təhrif edə bilər. Cənubi Qafqazın tarixi müxtəlif xalqların, dövlətlərin, dini icmaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi əsasında formalaşıb. Bu tarixdən hər hansı xalqın bütövlükdə silinməsi cəhdi qəbuledilməzdir.
Eyni zamanda, Ermənistanın Azərbaycanın ərazisindəki müəyyən xristian abidələrinin tarixi ilə bağlı həssaslıq nümayiş etdirdiyi halda, indiki Ermənistan ərazisində Azərbaycan xalqının tarixi-mədəni irsi məsələsinə münasibəti arasında ciddi uyğunsuzluq mövcuddur. Məhz bu məqam obyektiv və qarşılıqlı yanaşmanın zəruriliyini ortaya qoyur. Tarixi irs məsələsinə münasibətdə prinsip sadə olmalıdır: hansı xalqın irsindən söhbət gedirsə, həmin irs siyasi məqsədlər üçün məhv edilməməli, təhrif edilməməli və tarixdən silinməməlidir.
Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki tarixi varlığı məsələsi də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Qərbi Azərbaycan adlandırılan tarixi coğrafiyada azərbaycanlıların uzun əsrlər boyu yaşaması, şəhər və kəndlər salması, məscidlər, qəbiristanlıqlar, karvansaralar, hamamlar, körpülər və digər mədəni obyektlər yaratması tarixşünaslıq və arxiv materiallarında öz əksini tapıb. İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz, Vedibasar, Zəngibasar və digər tarixi mahallarla bağlı Azərbaycan tarixşünaslığında çoxsaylı araşdırmalar mövcuddur.
Bu baxımdan, bir tərəfdən Qarabağdakı tarixi irsin mənsubiyyəti məsələsini beynəlxalq gündəmə gətirib, digər tərəfdən Ermənistan ərazisində Azərbaycan xalqının tarixi-mədəni izlərinin mövcudluğunu tamamilə inkar etmək obyektiv tarix anlayışına uyğun gəlmir. Tarix seçmə yaddaş üzərində qurula bilməz. Bir xalqın tarixi irsinə hörmət tələb edən tərəf digər xalqın tarixi irsinə də eyni hörməti göstərməlidir.
Azərbaycanın mövqeyi də məhz bu qarşılıqlılıq prinsipinə əsaslanmalıdır. Azərbaycanın ərazisində yerləşən bütün tarixi və mədəni abidələrin dövlət tərəfindən qorunması, onların dini və etnik mənsubiyyətindən asılı olmayaraq mühafizə olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa prosesində məscidlərin, kilsələrin, məbədlərin, qəbiristanlıqların və digər tarixi obyektlərin qorunmasına diqqət yetirilməsi də bu yanaşmanın praktiki ifadəsidir.
Məhz buna görə Ermənistan cəmiyyətində diplomatik səfərlə bağlı səsləndirilən ittihamların bir hissəsi daha çox siyasi emosional xarakter daşıyır. Xarici diplomatların Azərbaycan dövlətinin təşkil etdiyi səfərdə iştirak etməsi onların hansısa siyasi münaqişəyə tərəf olması demək deyil. Əksinə, diplomatın vəzifəsi hadisələri yerində müşahidə etmək, məlumat toplamaq, öz dövlətinə obyektiv hesabat vermək və beynəlxalq münasibətlərdə real vəziyyəti qiymətləndirməkdir.
Bu baxımdan diplomatlara qarşı ictimai təzyiq kampaniyalarının təşkil olunması xüsusilə təhlükəli tendensiyadır. Diplomatik nümayəndələrə “nəyə görə Azərbaycanın ərazisinə getdiniz?” sualının verilməsi əslində Ermənistan cəmiyyətinin bir hissəsində Azərbaycanın ərazi bütövlüyünün hələ də tam mənimsənilmədiyini göstərir. Əgər Qarabağ Azərbaycanın ərazisidirsə, diplomatın oraya getməsi niyə problem olmalıdır? Əgər Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən tanınırsa, bu səfər hansı əsasla Ermənistanın daxili siyasi müzakirəsinin predmetinə çevrilir?
Bu sualların cavabı çox sadədir: problem səfərin özündə deyil, həmin səfərin nümayiş etdirdiyi reallıqdadır. Diplomatik korpusun 150 nümayəndəsinin Qarabağ və Şərqi Zəngəzura səfəri beynəlxalq nümayəndələrin Azərbaycanın həmin ərazilərinə girişinin və burada gedən prosesləri müşahidə etməsinin artıq normal dövlətlərarası münasibətlər çərçivəsində baş verdiyini göstərir. Bu isə Ermənistanın müəyyən siyasi dairələrinin illər ərzində formalaşdırmağa çalışdığı “Qarabağ ayrıca siyasi məsələdir” təsəvvürünün getdikcə daha çox aradan qalxdığını nümayiş etdirir.
Ermənistan parlamentində sentyabrın 14-də 2022-ci ilin sentyabr döyüşlərində həlak olmuş hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi də məhz belə həssas dövrdə diqqət çəkən addımlardan biridir. Ermənistan parlamentinin rəsmi mövqeyində həmin şəxslər Azərbaycanla sərhəddə 2022-ci ilin sentyabr hadisələri zamanı ölənlər kimi təqdim olunub. Azərbaycan isə həmin hadisələr zamanı Ermənistanın hərbi təxribatlarına cavab verdiyini bildirir. Buna görə də hadisələrin yalnız birtərəfli siyasi təqdimat müstəvisinə keçirilməsi regionda sülh və etimad mühitinin möhkəmlənməsinə xidmət etmir.
Ermənistan parlamentinin bu addımının özü hüquqi baxımdan bir dövlətin daxili parlament proseduru sayıla bilər. Lakin siyasi kontekst nəzərə alındıqda məsələyə başqa aspektdən yanaşmaq lazım gəlir. Sülh prosesinin həssas mərhələsində keçmiş hərbi qarşıdurmaların yalnız bir tərəfin qəhrəmanlıq və qurbanlıq narrativi üzərindən təqdim edilməsi revanşist düşüncələrin qidalanmasına şərait yarada bilər. Sülh yalnız sənədlərin imzalanması ilə deyil, həm də cəmiyyətlərin müharibə psixologiyasından tədricən uzaqlaşması ilə mümkündür.
Bu baxımdan Ermənistan hakimiyyətinin sülh gündəliyi ilə cəmiyyətdəki revanşist ritorika arasında məsafənin yaranmasına yol verilməməlidir. Ermənistanın siyasi rəhbərliyi bir tərəfdən sülh, normallaşma və yeni regional münasibətlərdən danışırsa, digər tərəfdən ölkə daxilində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı köhnə stereotiplərin yaşamasına şərait yaradan siyasi və informasiya mühitinə qarşı daha prinsipial mövqe nümayiş etdirməlidir.
Burada xüsusi məsələ Ermənistan hakimiyyətinin revanşist qüvvələrə münasibətidir. Revanşizm yalnız müxalif siyasi dairələrdə mövcud olan bir hadisə kimi təqdim edilə bilməz. Ermənistan cəmiyyətində müxtəlif siyasi, media və ekspert platformalarında yayılan ritorikanın bir hissəsinin hakimiyyətə yaxın informasiya resurslarında da dövriyyəyə buraxılması müəyyən suallar doğurur. Bu baxımdan Azərbaycan tərəfinin diqqət yetirdiyi əsas məsələ ayrı-ayrı şəxslərin siyasi mövqeyindən daha çox, Ermənistanın ümumi informasiya-siyasi mühitinin sülh prosesinə münasibətidir.
Sülh prosesi olduqca mürəkkəb və kövrək mərhələdədir. Bu prosesə zərbə vura biləcək hər bir siyasi və informasiya kampaniyası məsuliyyətlə qiymətləndirilməlidir. Əgər məqsəd Cənubi Qafqazda davamlı sülh yaratmaqdırsa, hər iki cəmiyyətdə yeni reallıqların qəbul edilməsi qaçılmazdır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu reallıq artıq dəyişdirilə bilməz. Ermənistan üçün strateji seçim də məhz bu reallıq əsasında yeni münasibətlər sisteminin qurulmasından ibarətdir.
Ermənistanın parlament sədrinin diplomatik səfərlə bağlı açıqlaması da bu baxımdan siyasi məsuliyyət çərçivəsində qiymətləndirilməlidir. Ermənistan parlamentinin rəhbər şəxsi qonşu dövlətin suveren ərazisinə xarici diplomatların səfərini şübhə altına alan yanaşmadan çəkinməlidir. Çünki bu cür açıqlamalar yalnız Azərbaycanla münasibətlərə deyil, Ermənistanın özünün elan etdiyi sülh gündəliyinə də ziddiyyət yarada bilər.
Əslində Ermənistan üçün ən düzgün yol artıq Qarabağ üzərindən siyasi qarşıdurma yaratmaq deyil, Azərbaycanla münasibətlərdə yeni səhifə açmaqdır. Regionun gələcəyi nə köhnə müharibə ritorikasında, nə də tarixi düşmənçilik üzərində qurula bilər. Cənubi Qafqazın inkişafı üçün Azərbaycan, Ermənistan və regiondakı digər dövlətlər arasında iqtisadi, nəqliyyat, humanitar və siyasi əlaqələrin genişlənməsi vacibdir. Bunun üçün isə ilk növbədə yeni reallıqların qəbul edilməsi tələb olunur.

