ABŞ Ali Məhkəməsi Donald Trampın noyabrda Konqresə keçiriləcək aralıq seçkilərindən əvvəl poçt vasitəsilə səsvermə bülletenlərinin paylanması prosedurunun dəyişdirilməsi ilə bağlı təşəbbüsünü qəbul etməyib.
Editor.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı CNN telekanalı yayımlayıb.
Məhkəmə nümayəndələri administrasiyanın bu məsələdə uğur qazanmaq ehtimalının az olduğunu qeyd edərək, ABŞ Poçt Xidmətinə milyonlarla səsvermə bülletenini ləngitmək imkanı verə biləcək qaydanı bloklayıblar. Ali Məhkəmənin mühafizəkarlar qanadından olan bir hakim bu addımı seçkilərin təşkilinə cavabdeh olan ştat və yerli qurum rəsmilərinin seçki gününə qədər yeni qaydanı müvafiq qaydada tətbiq etmək üçün yetərli vaxta malik olmaması ilə izah edib.
CNN-in məlumatına görə, Tramp ştat rəhbərliklərinin poçtla səsvermə hüququna malik seçicilərin siyahısını ABŞ Poçt Xidmətinə verməsini tələb edirdi. Bu yolla, həmin siyahılarda adı olmayan şəxslərə bülletenlərin poçtla göndərilməsinə qadağa qoyulması nəzərdə tutulurdu. Layihəyə əsasən, zərflərin izlənilməsi məqsədilə ştrixkodlar tətbiq edilməli idi. Prezident daha öncə poçt vasitəsilə səsvermədə dələduzluq halları barədə dəfələrlə çıxış etdiyi üçün, tənqidçilər onun bu təklifini hakimiyyəti qəsb etmək cəhdi kimi qiymətləndiriblər. Telekanal xatırladır ki, ABŞ Konstitusiyasına əsasən, səsvermə prosedurlarını poçt idarəsi və ya Ağ Ev yox, bilavasitə Konqres və ştatlar müəyyənləşdirir.
2025-ci ilin avqust ayında Tramp poçt vasitəsilə səsverməni ləğv etməklə ABŞ-nin seçki sistemini islahat etmək planlarını açıqlayıb. O qeyd edib ki, sözügedən üsul həm köhnəlib, həm də kütləvi saxtakarlıqlar üçün imkanlar yaradır. Trampın fikrincə, poçtla səsvermə və öz-özlüyündə qorxunc bir fəlakət sayılan səssayma maşınlarının tətbiqi ilə əlaqəli dələduzluq hallarının qarşısı dərhal alınmalıdır.

