Rusiyanın Stavropol diyarında, “Surb Hripsime” kilsəsinin ərazisində Qarabağdakı “Biz və dağlarımız” abidəsinin surəti ucaldılıb. Şimali Qafqazın hər yerindən yepiskoplar, keşişlər və erməni icmalarının nümayəndələri bu separatizm rəmzinin “ziyarətinə” axışıblar.
Maraqlıdır, Bakı və İrəvan artıq keçmiş Dağlıq Qarabağ münaqişənin səhifəsini faktiki çeviriblər. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan ölkələrini sülhə doğru aparır. Artıq Azərbaycandan Ermənistana tranzit mal daşımaları həyata keçirilir, Zəngəzur dəhlizinin reallaşması uzaqda deyil. Gəl ki, Rusiyadan israrla “konflikt bitməyib” mesajını verməyə çalışırlar. Niyə? Rusiyada davam edən belə təxribatlarda əsas hədəf nədir? Moskva bununla nə demək istəyir?
Xatırladaq ki, az öncə Moskvada bədnam “artsax sərgisi” keçirilmiş, orada Azərbaycan əleyhinə bəyanatlar səslənmişdi.

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, Rusiyada Azərbaycana qarşı bu cür təxribatçı addımlar tez-tez müşahidə olunur. Seaparatçılara dəstək verilir, onara anti-Azərbaycan fəaliyyəti üçün şəraityaradılır:
“Rusiya bu tipli addımlarla onu göstərməyə çalışır ki, guya Cənubi Qafqazda əsas söz sahibidir və bütün proseslər onun iradəsi çərçivəsində həllini tapmalıdır. Rusiya hələ də qəbullana bilmir ki, 2023-cü ilin noyabr ayından başlayaraq Azərbaycan və Ermənistan birbaşa danışıqlar aparmaqla sülh müqaviləsi üzrə razılaşma əldə edilər və bu sənəd artıq paraflanıb. Azərbaycan və Ermənistan arasında artıq tranzit məhdudiyyətləri götürülüb. Rusiyanın dəstəklədiyi ermənilər yalnız keçmişdən danışırlar, hələ də keçmişdə ilişib qalıblar. Rusiya isə həmin utopist, avantürist qüvvələrə şərait yaratmaqla onları həvəsləndirir. Bununla erməni cəmiyyətinə mesaj verməyə çalışır ki, guya Ermənistanın və erməni xalqının yanınandadır. Halbu ki, əgər Rusiya erməni xalqının, Ermənistanın rahat gələcəyini istəsəydi separatçılara deyil, sülh tərəfdarları olanlara dəstək verərdi”.
Politoloq qeyd edib ki, Rusiya Cənubi Qafqazda mövqelərini itirməmək üçn ənənəvi siyasətə üstünlük verir:
“Rusiya mövqelərini itirmək istəmir. Ona görə də hesab edir ki, ona mütləq bölgədəki dövlətlər və xalqlar arasında münaqişə lazımdır. Təsir imkanlarını itirən Rusiyaya münaqişə lazımdır ki, bu imkanlarını bərpa etsin”.
Musavat.com


