Avropanın silah zavodları “qırmızı xətt”ə çevrilir: Rusiya nə edə bilər?backend

Avropanın silah zavodları “qırmızı xətt”ə çevrilir: Rusiya NƏ EDƏ BİLƏR? 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Avropada Ukrayna üçün silah və sursat istehsal edən müəssisələrlə bağlı xəbərdarlıq edib. Moskva daha əvvəl belə müəssisələri potensial hərbi hədəf kimi qiymətləndirib.

Rusiya bu müəssisələrə qarşı zərbə endirə bilərmi və belə bir addım NATO ilə birbaşa qarşıdurma riskini nə qədər artırır?

Editor.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, burada söhbət konkret bir-iki zavoddan yox, daha geniş prosesdən gedir:

“Avropanın bir sıra ölkələri Ukraynanın silah və sursatla təminatında iştirak edir və müdafiə sənayesinin istehsal güclərini artırırlar. Xüsusilə Almaniya, İspaniya və İtaliya bu baxımdan diqqət çəkir. Polşada da Ukrayna ilə hərbi-sənaye əməkdaşlığının genişləndirilməsi istiqamətində proseslər gedir. Buna görə Rusiyanın açıqlamalarını yalnız bir müəssisəyə yönəlmiş xəbərdarlıq kimi qiymətləndirmək düzgün olmaz.

Fikrimcə, Moskvanın əsas mesajı Avropaya ondan ibarətdir ki, Ukraynaya hərbi yardımın artırılması Rusiyanın gözündə artıq yalnız siyasi və iqtisadi məsələ deyil, təhlükəsizlik məsələsinə çevrilir. Yəni Rusiya Avropadakı müdafiə sənayesinin Ukraynanın hərbi potensialının bir hissəsinə çevrildiyini düşünür. Bu yanaşma, əlbəttə, Avropada ciddi narahatlıq yaradır, çünki söhbət NATO üzvü olan dövlətlərin ərazisində yerləşən sənaye obyektlərindən gedir.

Hesab edirəm ki, bu bəyanatların əsas məqsədi hazırda konkret zavodları vurmaqdan daha çox çəkindirmə və siyasi təzyiq yaratmaqdır. Moskva bununla Avropa ölkələrinə “Ukraynaya silah tədarükünü artırdıqca müharibənin riskləri sizin ərazinizə də yaxınlaşa bilər” mesajı verir. Lakin belə ritorikanın təhlükəli tərəfi odur ki, qarşılıqlı təhdidlər artdıqca yanlış hesablamanın baş verməsi və münaqişənin Ukrayna sərhədlərindən kənara çıxması riski də yüksəlir”.

Elman Telmanoğlunun sözlərinə görə, bu məsələdə konkret olaraq “Rusiya filan Avropa ölkəsini vuracaq” demək üçün əsas yoxdur:

“Çünki söhbət əsasən NATO ölkələrindən gedir və NATO üzvünün ərazisinə açıq hərbi zərbə Rusiya ilə Alyans arasında birbaşa qarşıdurma ehtimalını ciddi şəkildə artırar. Buna görə də Almaniya, Polşa, İtaliya və digər NATO ölkələrinə qarşı birbaşa hava zərbəsi Moskva üçün Ukraynadakı müharibədən tamamilə fərqli miqyasda siyasi və hərbi nəticələr yarada bilər. Bu isə Rusiya üçün arzuolunmazdır.
Fikrimcə, əgər eskalasiya davam edərsə, ilk mərhələdə daha çox hibrid təzyiq, kiberhücumlar, sabotaj və logistika xətlərinə təsir kimi vasitələr ön plana çıxa bilər. Rusiya üçün belə addımlar birbaşa NATO-Rusiya müharibəsinə keçmədən təzyiq göstərmək imkanı yaradır. Xüsusilə Polşa kimi Ukraynaya hərbi yardımın daşınmasında mühüm rol oynayan ölkələr bu baxımdan daha həssas vəziyyətdədir.

Ancaq bu siyasi durumda Rusiyanın NATO ərazisində yerləşən hərbi və ya müdafiə-sənaye obyektlərinə açıq hava zərbəsi endirməsi eskalasiyanın ən təhlükəli mərhələsi olardı. Belə bir addım münaqişənin idarəolunmaz istiqamətə keçməsi riskini yarada bilər. Ona görə hazırkı bəyanatları konkret hücum planından çox, Moskvanın Avropaya göndərdiyi sərt siyasi siqnal kimi qiymətləndirirəm. Rusiya Ukraynaya hərbi dəstəyin daha da genişləndirilməsinin qarşılığında Avropanın özünün təhlükəsizlik risklərinin artacağını göstərməyə çalışır”.

//Gülnarə Abasova, Editor.az