Zaqatalada milyonluq dələduzluq iddiası: Sahibkar barədə ağır ittihambackend

Zaqatalada milyonluq dələduzluq iddiası: Sahibkar barədə ağır ittiham

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatalada gübrə satışı ilə məşğul olan sahibkar Əmrah Ramazan Valeh oğlu külli miqdarda dələduzluqda ittiham edilir. İş üzrə zərərçəkmişlərə dəymiş ziyanın 924 min manatdan çox olduğu bildirilir.

Editor.az-ın APA-ya istinadən verdiyi məlumata görə, sahibkar aldığı məhsulların pulunu ödəməməkdə və dələduzluqda təqsirləndirilir.

İttihama əsasən, zərərçəkmişlərə ümumilikdə 924 901 manat maddi ziyan dəyib. Əmrah Ramazana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi — xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürülüb.

Zərərçəkmişlərin şikayətlərindən sonra sahibkar həbs edilib. İstintaq müddətində dəymiş ziyanın 144 min manatının ödənildiyi qeyd olunur.

İş üzrə üç nəfər və “Sara Qrup” QSC zərərçəkmiş qismində tanınıb.

Məlumatda həmçinin bildirilir ki, təqsirləndirilən Əmrah Ramazan Zaqatala Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi Valeh Qazilovun oğludur.

Qeyd edək ki, ittihamlar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqlənənədək şəxs təqsirsiz hesab olunur.