backend

Avtomobil sahiblərinə şad xəbər: 2 000 manatlıq cərimə 50 manata endirilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda avtomobillərində reklam yerləşdirən şəxslər və şirkətlər üçün cərimələrin məbləğinin əhəmiyyətli dərəcədə azaldılması təklif olunur. Yeni qanun layihəsinə əsasən, qaydaları pozmaqla nəqliyyat vasitələrində reklam yayanlara tətbiq edilən cərimələr bütün kateqoriyalar üzrə 50 manat müəyyənləşdirilə bilər.

Editor.az-ın Trend-ə istinadən məlumatına görə, məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 27-də keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsində əksini tapıb.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, müvafiq dövlət qurumunun icazəsi olmadan və ya müəyyən edilmiş tələbləri pozmaqla avtomobillərdə reklam yerləşdirilməsinə görə cərimələr şəxsin statusundan asılı olaraq dəyişir.

Mövcud qaydalara əsasən:

– Fiziki şəxslər 30-50 manat;

– Vəzifəli şəxslər 150-200 manat;

– Hüquqi şəxslər isə 1 500-2 000 manat məbləğində cərimələnirlər.

Təklif olunan dəyişikliyə əsasən, bu pozuntuya görə cərimənin 50 manat olması nəzərdə tutulur. Beləliklə, layihə qəbul edilərsə, hüquqi şəxslər üçün hazırda 2 000 manatadək çatan cərimənin maksimum məbləği 50 manata enə bilər.

Qanunsuz reklamlar kameralarla da aşkarlana bilər

Qanun layihəsində diqqət çəkən digər məqam avtomobillərdə reklam qaydalarının pozulmasının aşkar edilməsi ilə bağlıdır. Təklifə əsasən, belə hallar foto və ya video çəkiliş funksiyasına malik xüsusi texniki vasitələr vasitəsilə də müəyyən edilə biləcək.

Bu dəyişikliklər hələ qanun layihəsi çərçivəsində təklif olunur. Cərimələrin yeni qaydada tətbiq edilməsi üçün müvafiq qanunvericilik dəyişikliyinin qəbul edilməsi tələb olunur.