Gələn il yaşayış minimumu və ehtiyac meyarının artırılması ünvanlı dövlət sosial yardımının məbləğinin də artmasına təsir göstərəcək.
Editor.az bildirir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, ehtiyac meyarının yaşayış minimumu ilə eyni səviyyədə müəyyənləşdirilməsinin ünvanlı sosial yardım sistemi ilə birbaşa əlaqəsi var:
“Ünvanlı sosial yardımın verilməsində ehtiyac meyarının yaşayış minimumuna bərabər olması o deməkdir ki, aztəminatlı insanlar daha çox vəsait əldə edə biləcəklər. Yəni ötən illə müqayisədə ehtiyac meyarının 14 manat artırılması hər bir ailəyə düşən ünvanlı sosial yardımın məbləğinin də artması deməkdir”.
Komitə sədrinin sözlərinə görə, dəyişiklik yalnız hazırda sosial yardım alan ailələrə ödənilən vəsaitin məbləğinin yüksəlməsi ilə məhdudlaşmayacaq: “Ünvanlı dövlət sosial yardımından yararlana biləcək şəxslərin miqyası da genişlənəcək. Bu mənada, bu, çox güclü sosial müdafiə vasitəsi kimi əhəmiyyətlidir”.
Qeyd edək ki, gələn ilin büdcə zərfində yaşayış minimumunun və ehtiyac meyarının 314 manata çatdırılması nəzərdə tutulur. Hazırda hər iki göstərici 300 manat təşkil edir. Beləliklə, nəzərdə tutulan dəyişiklikdən sonra bu göstəricilər 14 manat və ya təxminən 4,7 faiz artacaq. Bu o deməkdir ki, hər bir şəxs üçün nəzərdə tutulan ünvanlı sosial yardımın məbləği də 14 manat artacaq.

