Azərbaycanda qadın pensiyaçıların sayı kişilərdən çox olsa da, son bir ildə bu fərq xeyli azalıb. Rəsmi statistikaya əsasən, kişilərin pensiyaçıların ümumi sayındakı payı artıb, qadınların sayı isə azalıb.
Editor.az-ın rəsmi statistikaya istinadən verdiyi məlumata görə, 2026-cı ilin əvvəlinə ölkədə ümumilikdə 1 milyon 99 min pensiyaçı qeydə alınıb. Onların 611 mini qadın, 488 mini isə kişidir. Beləliklə, qadın pensiyaçıların sayı kişilərdən 123 min nəfər çoxdur.
2025-ci ilin əvvəlində Azərbaycanda 639 min qadın pensiyaçı olduğu halda, 2026-cı ilin əvvəlinə bu göstərici 611 minə düşüb. Nəticədə qadın pensiyaçıların sayı bir il ərzində 28 min nəfər və ya 4,4 faiz azalıb.
Kişilər arasında isə əks istiqamətdə dəyişiklik qeydə alınıb. Əvvəlki ilin əvvəlində 459 min olan kişi pensiyaçıların sayı 488 minə çatıb. Bu, 29 min nəfərlik və ya 6,3 faizlik artım deməkdir.
Bunun nəticəsində qadınlarla kişilər arasındakı fərq bir il ərzində 180 min nəfərdən 123 min nəfərə enib. Başqa sözlə, fərq 57 min nəfər və ya 31,7 faiz azalıb.
Son 15 ilin göstəriciləri nə deyir?
Uzunmüddətli statistika da pensiyaçıların sayında ciddi dəyişikliklərin baş verdiyini göstərir.
2011-ci ilin əvvəlində Azərbaycanda 784 min qadın pensiyaçı qeydə alınmışdı. 2026-cı ilin əvvəlinə onların sayı 611 minə düşüb. Bu müddətdə azalma 173 min nəfər və ya 22,1 faiz təşkil edib.
Kişi pensiyaçıların sayı isə eyni dövrdə 508 mindən 488 minə enib. Beləliklə, kişilər arasında azalma 20 min nəfər və ya 3,9 faiz olub.
Ümumilikdə, son 15 ildə ölkədə pensiyaçıların sayı 1 milyon 292 mindən 1 milyon 99 minə düşüb. Bu, 193 min nəfərlik və ya 14,9 faizlik azalmadır.
Pensiyaçıların cins üzrə bölgüsündə də dəyişiklik var. 2011-ci ildə qadınlar ümumi pensiyaçıların 60,7 faizini təşkil edirdisə, 2026-cı ilin əvvəlinə bu göstərici 55,6 faizə enib. Kişilərin payı isə 39,3 faizdən 44,4 faizə yüksəlib.
İlk dəfə pensiya alanların sayı da açıqlanıb
2026-cı ilin əvvəlinə olan statistikaya görə, ilk dəfə pensiya təyin edilən şəxslərin sayı 53 548 nəfər olub. Onlardan 29 773-ü qadın, 23 775-i isə kişidir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilk dəfə pensiya alan qadınların sayı 1 609 nəfər azalıb. Kişilərdə isə əksinə, 1 236 nəfərlik artım qeydə alınıb.
Digər diqqətçəkən məqam isə pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən şəxslərlə bağlıdır. Statistikaya əsasən, 2026-cı ilin əvvəlinə Azərbaycandakı pensiyaçıların 13,8 faizi işləməyə davam edib.

