ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasəti beynəlxalq münasibətlər sistemində güc balansı, təhlükəsizlik arxitekturası və diplomatik təmasların gələcəyi baxımından mühüm müzakirələrə yol açır. Vaşinqtonun Moskva və Kiyevlə münasibətlərində nümayiş etdirdiyi yanaşma yalnız müharibənin gedişinə deyil, həm də Avropanın təhlükəsizlik siyasətinə və regionda geosiyasi maraqların yenidən formalaşmasına təsir göstərə bilər. Bu şəraitdə əsas məsələ tərəflərin danışıqlar masasına gətirilməsinin hansı şərtlər daxilində mümkün olacağı, əldə ediləcək razılaşmaların nə dərəcədə dayanıqlı olacağı və böyük güclər arasında mümkün kompromislərin beynəlxalq sabitliyə necə təsir edəcəyidir. Azərbaycanın milli maraqları baxımından da bu proseslərin diqqətlə izlənilməsi vacibdir. Çünki Cənubi Qafqazda təhlükəsizlik mühiti, nəqliyyat-kommunikasiya xətlərinin fəaliyyəti və regional əməkdaşlıq imkanları qlobal güclər arasındakı münasibətlərin inkişafından müəyyən dərəcədə asılıdır.
Maraqlıdır, Tramp administrasiyasının hazırkı yanaşması Rusiya-Ukrayna müharibəsinin gələcək gedişinə və sülh danışıqlarının perspektivlərinə necə təsir göstərə bilər?
Politoloq Tofiq Abbasov Editor.az-a açıqlamasında bildirib ki, Donald Trampın Rusiya-Ukrayna qarşıdurmasına münasibətini, ilk növbədə, bir neçə aspektdən qiymətləndirmək lazımdır.
“Burada söhbət noyabrın 3-də keçiriləcək Konqres seçkilərindən, daha dəqiq desək, aralıq seçkilərdən gedir. Çünki Trampın hazırda ciddi siyasi dividendlərə ehtiyacı var. O, hakimiyyətə gələndə bəyan etmişdi ki, prezident olsaydı, bu müharibənin başlanmasına imkan verməzdi və vəzifəyə gəldikdən sonra qısa müddətdə müharibəni dayandıracaqdı. Lakin onun bu proqnozları özünü doğrultmadı və reallaşmadı. Buna görə də Donald Tramp indi müəyyən siyasi itkilərlə üzləşmiş lider kimi olduqca məsuliyyətli bir dövrə qədəm qoyur. Eyni zamanda, o, öz iradəsi ilə Rusiya ilə kompromisə getdi.
Rusiyada artıq dizel yanacağının ixracı ilə bağlı məsələdə də bunun təsirini görmək mümkündür. Mənə elə gəlir ki, Donald Tramp hazırda ilk növbədə Rusiya ilə Ukraynanı danışıqlar masası arxasında əyləşdirməyə və danışıqlara başlamağa çalışır. Çünki vaxt getdikcə daralır.
Onun məqsədi tərəfləri mümkün qədər tez danışıqlar masası arxasına gətirmək və bundan sonra ‘Görürsünüz, bu da mənim doqquzuncu qələbəmdir’ demək ola bilər. Artıq hamının yadından çıxıb ki, Tramp səkkiz müharibəni dayandırdığını iddia edirdi. Halbuki burada söhbətin hansı münaqişələrdən getdiyi ayrıca müzakirə mövzusudur. Təbii ki, hazırda onun üçün belə bir statistik göstərici vacibdir. Bu rəqəmlər getdikcə süni şəkildə artırılır və şişirdilir. Hesab edirəm ki, məhz bu proses çərçivəsində Moskva nəhayət, Trampın çağırışlarına müsbət reaksiya verə bilər.
Çünki, bir tərəfdən, iki lider arasındakı təmaslar yenidən fəallaşır, digər tərəfdən isə Rusiyanın Ukrayna ilə bağlı mövqeyində ciddi narahatlıq və ya geri çəkilmə əlamətləri müşahidə olunmur. Nəzərə almaq lazımdır ki, əgər Qərb, xüsusilə də Qərbi Avropa ölkələri bu müharibə vasitəsilə Rusiyanı həqiqətən də çökdürmək və zəiflətmək istəyirdilərsə, Moskva, əksinə, onların metod və taktikalarına qarşı öz strategiyasını formalaşdırdı. Təbii ki, bu istiqamətdə Rusiyanın özünün də müəyyən irəliləyişləri var”.
Politoloqun sözlərinə görə, Qərb ölkələri, xüsusilə Böyük Britaniya, Almaniya və Fransa bu qarşıdurma nəticəsində ciddi itkilərlə üzləşiblər.
“Birincisi, onlar Ukraynaya külli miqdarda yardım göstəriblər. Digər tərəfdən, silah-sursat ehtiyatları azalıb və istehsal gücləri də əvvəlki tələbatı qarşılamaq üçün kifayət qədər hazır vəziyyətdə deyil. Buna görə də həmin ölkələrin mövcud boşluqları qısa müddətdə doldura biləcəklərini söyləmək çətindir.
Ona görə də hesab edirəm ki, Rusiya bu vəziyyətdə öz üstünlüyünü daha da artırır. Söhbət yalnız fiziki üstünlükdən deyil, həm də mənəvi və siyasi üstünlükdən gedir. Trampın Vladimir Putinlə təmasları və danışıqları artıq onu göstərir ki, tərəflər müəyyən ortaq məxrəcə gəlməyə çalışırlar və bu istiqamətdə addımlar atırlar.
İndi görmək lazımdır ki, noyabrın 3-dək qalan müddətdə Moskva ilə Kiyev arasında danışıqlar baş tutacaq, yoxsa yox. Hər halda, Donald Trampın Volodimir Zelenskiyə təzyiq göstərməsi ilə yanaşı, Moskvaya münasibətdə diqqətinin və müəyyən mənada müsbət yanaşmasının artdığı da müşahidə olunur.
Təbii ki, Vladimir Putin üçün də əlavə siyasi dividendlər əldə etmək əhəmiyyətlidir. Heç bir siyasətçi əldə edə biləcəyi əlavə üstünlüklərdən imtina etmək istəməz. Əgər belə imkanlar yaranırsa, onların dəyərini bilmək və mövqeləri möhkəmləndirmək üçün müvafiq addımlar atmaq vacibdir.
Hazırda Rusiyanın daxilində ciddi problemlərlə müşayiət olunan vəziyyət o qədər də qabarıq görünmür. Əvvəllər ölkədə kütləvi səfərbərliyin elan ediləcəyi ilə bağlı fikirlər səsləndirilirdi. Hətta Almaniya ilə Rusiya arasında mümkün toqquşma barədə ehtimallar da irəli sürülürdü. Hələlik belə bir ssenarinin reallaşacağına işarə edən konkret əlamətlər yoxdur. Bununla belə, Rusiya artıq müharibəyə cəlb olunmuş ölkə kimi öz ehtiyatlarını və qabaqlayıcı tədbirlərini nəzərdən keçirir.
Eyni zamanda, ABŞ Prezidenti Donald Trampla Vladimir Putin arasında aparılan danışıqların nəticələri və tərəflər arasında yaxınlaşma cəhdləri hər iki liderə müəyyən siyasi üstünlüklər qazandıra bilər”.
//Gülnarə Abasova, Editor.az

