Azərbaycan Prezidenti İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sisteminin (RRİS) yaradılması və onun fəaliyyəti ilə bağlı məsələlərin tənzimlənməsinə dair fərman imzalayıb.
Editor.az xəbər verir ki, dövlət başçısının fərmanı ilə “Rəqəmsal rabitə” informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib.
Yeni informasiya sisteminin əsas məqsədi informasiya-kommunikasiya texnologiyaları, telekommunikasiya və poçt sahələrində idarəetmə, tənzimləmə və nəzarət mexanizmlərini təkmilləşdirməkdir. RRİS dövlət qurumları, yerli özünüidarəetmə orqanları, dövlətə məxsus hüquqi şəxslər, digər təşkilatlar və vətəndaşlarla əlaqələrin daha operativ, səmərəli və şəffaf qurulmasına xidmət edəcək.
Sistem vasitəsilə xidmətlərin keyfiyyətinin artırılması, məlumatların vahid qaydada idarə olunması və onların əlçatanlığının təmin edilməsi nəzərdə tutulur.
Fərmana əsasən, RRİS-in sahibi funksiyasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, operatoru funksiyasını isə nazirliyin tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi həyata keçirəcək.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə sistemin yaradılması, fəaliyyətinin təşkili və gələcək inkişafı ilə bağlı zəruri tədbirlər görməlidir.
Bundan başqa, RRİS-in “Hökumət buludu”nda (G-cloud) yerləşdirilməsi, müvafiq dövlət informasiya ehtiyatları və sistemlərinin reyestrlərinə daxil edilməsi nəzərdə tutulur.
Nazirlik məlumatların ilkin mənbəyini formalaşdıran dövlət qurumları ilə birlikdə sistemdə nəzərdə tutulan məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etməlidir. Bu məqsədlə müvafiq tədbirlərin altı ay ərzində həyata keçirilməsi müəyyənləşdirilib.
Eyni zamanda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı normativ tələblərdən irəli gələn tədbirləri yerinə yetirməlidir.
Yeni sistemin yaradılması rəqəmsal dövlət xidmətlərinin təkmilləşdirilməsi, dövlət qurumları arasında məlumat mübadiləsinin asanlaşdırılması və rabitə sahəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində atılan addımlardan biridir.

