Bakıda “Baksol yolu” adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşərək həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. İş üzrə təqsirləndirilən Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdov barəsində dövlət ittihamçısı cəza təklifini açıqlayıb.
Editor.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib.
Dövlət ittihamçısı Azər Cümşüdovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini, onun məhkəmə zalında həbs olunmasını və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.
Təqsirləndirilən şəxsin müdafiəçiləri çıxış etməyə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər.
Növbəti məhkəmə iclası oktyabrın 29-na təyin olunub.
Cümşüd Cümşüdlü necə həlak olub?
Hadisə iyunun 26-da saat 20:30 radələrində Bakının Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında baş verib. 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü yol səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Axtarış tədbirləri iki gün davam edib. İyunun 28-də saat 15:35-də gəncin meyiti Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizlənməsi anbarında aşkarlanıb.
Prokurorluq əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, müşahidə kameralarının görüntülərini əldə edib və digər zəruri prosessual tədbirləri həyata keçiriblər.
Araşdırma zamanı müəyyən edilib ki, hadisənin baş verdiyi kanal Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin Bakı Su Kanal İdarəsinin balansında olub və həmin idarə tərəfindən istismar edilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi, yəni ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq maddəsi ilə cinayət işi başlanıb.
Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. Onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, prokurorun 5 il həbs cəzası ilə bağlı tələbi hələ məhkəmənin yekun qərarı deyil. İş üzrə hökmün çıxarılması gözlənilir.

