AGMA-dan məktəblərdə geyim qaydaları ilə bağlı mühüm açıqlamabackend

AGMA-dan məktəblərdə geyim qaydaları ilə bağlı mühüm açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarına əməl olunmasının təhsilin keyfiyyəti, müəllimlərin peşə etikası və sağlam təhsil mühitinin yaradılması baxımından əhəmiyyətini vurğulayıb.

Editor.az Musavat.com-a istinadən xəbər verir ki, bəyanatda bildirilib ki, məktəb yalnız şagirdlərin bilik və bacarıqlar əldə etdiyi təhsil müəssisəsi deyil, həm də onların şəxsiyyət kimi formalaşdığı, sosial münasibətləri öyrəndiyi və məsuliyyət hissini inkişaf etdirdiyi mühüm mühitdir.

Assosiasiyanın mövqeyinə görə, məktəblərdə tətbiq edilən qaydalar, o cümlədən geyim tələbləri təhsilalanlar arasında vahid yanaşmanın formalaşmasına, nizam-intizamın qorunmasına və bərabər imkanlara əsaslanan təhsil mühitinin təmin edilməsinə xidmət edir.

AGMA hesab edir ki, geyim qaydalarının səmərəli tətbiqi üçün məktəb rəhbərliyi, pedaqoji heyət, valideynlər və şagirdlər arasında əməkdaşlıq gücləndirilməlidir. Qaydaların məqsədi və tətbiq mexanizmi bütün tərəflərə aydın şəkildə izah olunmalı, ortaya çıxan suallar isə qarşılıqlı anlaşma və açıq müzakirələr yolu ilə həll edilməlidir.

Bəyanatda məktəb rəhbərlərinin və müəllimlərin geyim tələblərini izah edərkən vahid mövqe nümayiş etdirmələrinin vacibliyi də qeyd olunub. Eyni zamanda, bu prosesdə şagirdlərin hüquqlarının və şəxsi ləyaqətinin qorunmasının əsas prinsiplərdən biri olduğu vurğulanıb.

Assosiasiya valideynləri də məsələyə anlayışla yanaşmağa, öz irad və narahatlıqlarını qarşılıqlı hörmət çərçivəsində bildirməyə çağırıb. Qeyd edilib ki, məktəblərdə geyim qaydaları ilə bağlı mübahisələr qüvvədə olan normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müzakirə edilməlidir.

AGMA müəllimlərin xarici görünüşünün və peşəkar davranışının da məktəbdəki ümumi atmosferə təsir göstərdiyini bildirib. Assosiasiyanın fikrincə, müəllim ünsiyyət mədəniyyəti, məsuliyyətli davranışı və geyimi ilə şagirdlərə nümunə olmalı, peşə etikasına uyğun mövqe nümayiş etdirməlidir.

Bəyanatın sonunda AGMA məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət edilməsinin vacibliyini bir daha diqqətə çatdırıb. Assosiasiya bu sahədə müsbət nəticələrin əldə olunması üçün bütün tərəflərin məsuliyyətli davranmasını, qarşılıqlı hörmətə və əməkdaşlığa üstünlük verməsini zəruri hesab edir.