Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov ATƏT-in Varşava İnsan Ölçüsü Konfransında çıxışı zamanı Qərbi azərbaycanlıların hüquqlarına, onların tarixi torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdış məsələsinə diqqət çəkib.
Çıxışında o, tolerantlıq və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinin öz yurdlarından didərgin salınmış milli azlıqların fundamental hüquqları təmin edilmədən tam reallaşa bilməyəcəyini vurğulayıb.
Səbuhi Abbasov bildirib ki, XX əsr boyunca yüz minlərlə qərbi azərbaycanlı sistemli etnik təmizləməyə, zorakı qovulmaya və məcburi deportasiyaya məruz qalaraq öz evlərindən, tarixi irsindən və milli kimliyindən məhrum edilib.
Onun sözlərinə görə, Qərbi azərbaycanlıların ata-baba yurdlarına sülh, təhlükəsizlik və ləyaqət şəraitində qayıtmaq hüququ beynəlxalq hüquqa əsaslanan fundamental insan hüququdur. Bu qayıdış yalnız tarixi ədalətin bərpası məsələsi deyil, eyni zamanda Cənubi Qafqazda həqiqi barışığın, regional sabitliyin və davamlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
ASGA sədri ATƏT-i Ermənistanı Qərbi Azərbaycan İcması ilə konstruktiv və birbaşa dialoqa təşviq etməyə çağırıb. O qeyd edib ki, insanların öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışını dəstəkləyən dinc və sistemli proses tolerantlıq, ayrı-seçkiliyə yol verilməməsi və milli azlıqların hüquqlarının universal müdafiəsi prinsiplərinə sadiqliyin real göstəricisi ola bilər.
Səbuhi Abbasovun çıxışı Qərbi azərbaycanlıların hüquqlarının beynəlxalq platformalarda diqqətdə saxlanılmasının, bu məsələnin dialoq və sülh yolu ilə həllinin vacibliyini bir daha ön plana çıxarıb.
Qeyd edək ki, Səbuhi Abbasovun ATƏT-in Varşava İnsan Ölçüsü Konfransında iştirakı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilib.
7NEWS.az

