Albaniyanın paytaxtı Tirana şəhərində tələbələrin etirazları ikinci gün də davam edib.
Təhsil sistemindən narazılıqla başlayan aksiyalar sonradan hökumət əleyhinə daha geniş siyasi hərəkata qoşulub.
Nümayişçilər baş nazir Edi Ramanın istefasını tələb edirlər.
Editor.az xeber verir ki, Associated Press-in məlumatına görə, polis nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Bəzi etirazçılar küçələrdə barrikadalar qurub, zibil qablarını yandırıb və mağazaların şüşələrini sındırıblar.
Polisin açıqlamasına əsasən, gecə baş verən qarşıdurmalardan sonra 23 nəfər saxlanılıb. Hadisələr zamanı altı polis əməkdaşı və bir jurnalist xəsarət alıb.
Etirazlar təkcə təhsil problemləri ilə bağlı deyil. Ölkədə hökumətə qarşı korrupsiya iddiaları və ABŞ prezidenti Donald Trampın kürəkəni Jared Kuşnerlə əlaqələndirilən mübahisəli sahilboyu tikinti layihəsi də siyasi narazılıqları artırıb.
Hərəkat iştirakçıları çəhrayı flaminqo təsvirlərindən istifadə etdiklərinə görə aksiyalar “Flaminqo inqilabı” adlandırılır. Bu hərəkat çərçivəsində baş nazirin istefası və hökumətin fəaliyyətinin dəyişdirilməsi tələb olunur.
//Samir Qurbanov, Editor.az

