Ehtiyatda olan polkovnik-leytenant Məhəddin Cavadovun ölüm səbəbi açıqlandıbackend

Ehtiyatda olan polkovnik-leytenant Məhəddin Cavadovun ölüm səbəbi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Silahlı Qüvvələrinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Məhəddin Cavadov vəfat edib. Onun ölümünə bir müddət əvvəl aldığı ağır kəllə-beyin travmasından sonra yaranan fəsadların səbəb olduğu bildirilir.

Editor.az-ın Ölkə.az-a istinadən məlumatına görə, 62 yaşlı Məhəddin Cavadov sentyabrın 13-də Bakıda restoranda dostları ilə olduğu zaman yıxılaraq başından xəsarət alıb. Hadisə zamanı onun başı beton səthə dəyib.

Ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilən zabit komaya düşüb. Təxminən bir ay davam edən müalicədən sonra komadan ayılsa da, sonradan daxili orqanlarında yaranan problemlər onun həyatını xilas etməyə imkan verməyib.

Məhəddin Cavadovun dəfn mərasimi bu gün Bakıda keçirilib.

Qeyd edək ki, Məhəddin Cənnət oğlu Cavadov 1964-cü ildə Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olub. O, hərbi xidmətə SSRİ Silahlı Qüvvələrinin Qərb qruplaşmasının tərkibində Macarıstanda başlayıb. Xidmətdə fərqləndiyinə görə Yaroslavl Hərbi Maliyyə-İqtisadi Akademiyasında təhsil alıb, daha sonra Latviyada maliyyə rəisi və hərbi bank müdiri vəzifələrində çalışıb.

1993-cü ildə Heydər Əliyevin çağırışından sonra Azərbaycana qayıdan Cavadov Müdafiə Nazirliyinin maliyyə xidmətində müxtəlif vəzifələrdə işləyib. Uzun illər Hərbi Hava Qüvvələrində xidmət edən zabit maliyyə idarəsinin rəisi vəzifəsini də tutub. Ehtiyata buraxıldıqdan sonra isə Əlahiddə Ümumqoşun Orduda və Müdafiə Nazirliyinin müxtəlif strukturlarında fəaliyyətini davam etdirib.