BBC “Harri Potter” müəllifi J.K. Roulinq haqqında film çəkir – FOTObackend

BBC “Harri Potter” müəllifi J.K. Roulinq haqqında film çəkir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BBC məşhur “Harri Potter” kitab seriyasının müəllifi C.K. Roulinqin (J.K. Rowling) həyatı, yaradıcılığı və ictimai müzakirələrə səbəb olan mövqeləri barədə iki hissəli sənədli film hazırlayacaq.

Editor.az xəbər verir ki, Euronews-un məlumatına görə, gələn il yayımlanması planlaşdırılan layihə yazıçının ədəbi fəaliyyətini, əsərlərinin qlobal təsirini və son illərdə ətrafında yaranan mübahisələri əhatə edəcək. Sənədli filmin hazırlanmasında Roulinqin özünün iştirak etmədiyi bildirilir.

Layihənin ilk hissəsində yazıçının uşaqlıq illəri, kitablara marağı və “Harri Potter” dünyasının yaranma prosesi araşdırılacaq. BBC-nin açıqlamasına əsasən, kitablar özünü cəmiyyətin kənarında hiss edən bir çox gənc üçün ortaq dəyərə çevrilib, internetin geniş yayıldığı dövrdə isə milyonlarla oxucunu bir araya gətirib.

“Harri Potter” seriyası yalnız ədəbi uğur qazanmayıb, həm də milyardlarla dollar dəyərində iqtisadi irs formalaşdırıb.

Sənədli filmin ikinci hissəsi Roulinqin “Harri Potter”dən sonrakı fəaliyyətinə və onun ictimai mövqelərinin yaratdığı müzakirələrə həsr olunacaq.

Yazıçının Şotlandiyanın müstəqilliyi, feminizm, söz azadlığı və gender kimliyi ilə bağlı fikirləri sosial şəbəkələrdə kəskin mübahisələrə səbəb olub. Xüsusilə trans icmasının hüquqları ilə bağlı mövqeyi onun oxucularının bir hissəsi, eləcə də “Harri Potter” filmlərində rol alan bəzi aktyorlarla münasibətlərinə mənfi təsir göstərib.

Roulinqin ətrafında yaranan mübahisələr HBO-nun yeni “Harri Potter” serialı ilə bağlı müzakirələrdə də davam edir. Serialın icraçı prodüserlərindən biri olan yazıçıya qarşı tənqidlər səsləndirən bəzi pərəstişkarlar layihəni boykot etməyə çağırıblar.

 

Yeni ekran işinin aktyor heyətinə qoşulan bəzi məşhurlar da Roulinqin mövqeləri ilə əlaqədar tənqidlərə məruz qalıblar. Dambldor obrazını canlandıracaq Con Litqou isə yazıçı ətrafında yaranan mübahisələrə görə layihədən ayrılmağı düşündüyünü, lakin sonradan serialda iştirak etmək qərarına gəldiyini açıqlayıb. O, kitabların dözümsüzlük və ayrı-seçkiliyə qarşı mesajlar daşıdığını bildirib.

BBC-nin yeni sənədli layihəsi Roulinqin həm ədəbiyyata və populyar mədəniyyətə təsirini, həm də onun ictimai mövqelərinin yaratdığı fikir ayrılıqlarını araşdıracaq.

Sənədli filmin elanı BBC-nin trans hüquqları ilə bağlı senzura iddiaları fonunda da diqqət çəkib. Qeyd edək ki, qurum daha əvvəl “Strictly Come Dancing” proqramında “House of the Dragon” serialının aktrisası Betani Antonianın geyimindəki trans hüquqlarını dəstəkləyən şüarın bulanıqlaşdırılmasına görə tənqid olunmuşdu.

\\ Aydan Bünyatova, Editor.az