İran Hörmüz boğazından keçən gəmilərə qarşı taktikasını dəyişərək regionda dəniz nəqliyyatına təzyiqi artırmağa çalışır.
Editor.az xəbər verir ki, Reuters agentliyinin iki yüksək vəzifəli İran rəsmisinə istinadən yaydığı məlumata görə, Tehran bu addımlarla neft qiymətlərini yüksək səviyyədə saxlamağı və ABŞ-da keçiriləcək aralıq seçkilərin siyasi nəticələrinə təsir göstərməyi hədəfləyir.
Məlumata əsasən, ABŞ və İsrailin İrana qarşı fevralın 28-də başlatdığı zərbələrdən sonra Hörmüz boğazı uğrunda qarşıdurma daha da kəskinləşib. Dünya neft və mayeləşdirilmiş təbii qaz ticarətinin əhəmiyyətli hissəsinin həyata keçirildiyi bu marşrut Tehran üçün Vaşinqtona təzyiq vasitəsinə çevrilib.
İran tərəfinin tətbiq etdiyi məhdudiyyətlər və gəmilərə qarşı hücumlar boğazdan keçən nəqliyyatın həcmini azaldıb. Bu vəziyyət enerji bazarlarında qiymət artımı riskini gücləndirib.
Reuters-in danışdığı rəsmilər yeni strategiyanın təxminən on gün əvvəl tətbiq olunmağa başladığını bildiriblər. ABŞ hərbi rəsmisinin sözlərinə görə isə İran İslam İnqilabı Keşikçiləri Korpusu radar imkanlarının zəifləməsindən sonra kiçik qayıqlarda silahsız müşahidəçilərdən istifadə edərək mümkün hədəfləri müəyyənləşdirməyə başlayıb.
//Samir Qurbanov, Editor.az

