ABŞ Prezidenti Donald Trampın İranla münaqişə fonunda mühüm qərar verməyə hazırlaşdığı bildirilir. Vaşinqtonun Tehranla qarşıdurmanı hərbi müstəvidə genişləndirəcəyi, o cümlədən İran ərazisinə ABŞ qoşunlarının göndərilməsi məsələsini nəzərdən keçirdiyi qeyd olunur.
Tramp da açıqlamalarından birində İranla bağlı mühüm seçim qarşısında olduğunu bildirib. O, İran ərazisinə qoşun yeridərək hərbi əməliyyatları genişləndirmək və ya bundan imtina etmək arasında qərar verməli olduğunu deyib.
Bəs ABŞ prezidentinin qarşısında hansı variantlar dayanır və proses bundan sonra hansı istiqamətdə inkişaf edə bilər?
Editor.az-a danışan politoloq Zeynal Əmrəliyev hesab edir ki, hazırkı vəziyyətdə iki əsas ssenaridən söhbət gedə bilər.
“Birinci variant İrana qarşı hərbi əməliyyatların genişləndirilməsidir. Yaxın günlərdə keçiriləcək BMT Baş Assambleyasının sessiyası çərçivəsində Donald Trampın ərəb ölkələrinin liderləri ilə görüşləri gözlənilir və bu təmaslar zamanı mühüm qərarların müzakirə olunacağına dair siqnallar var.
Tramp Körfəz ölkələrinin iştirakı ilə koalisiya formalaşdırmağa cəhd göstərə bilər. Belə bir koalisiya daha əvvəl, Corc Buşun prezidentliyi dövründə İraqın keçmiş lideri Səddam Hüseynə qarşı da yaradıldılıb.
İkinci mümkün ssenari isə ABŞ və İran arasında pərdəarxası danışıqların aparılması ehtimalıdır. ABŞ-ın vitse-prezidenti Cey Di Venslə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf arasında danışıqların aparıldığına dair məlumatlar mövcuddur.
Tərəflər arasında müəyyən razılaşma əldə olunması və bununla bağlı sənədin imzalanması da gündəmə gələ bilər”.
Zeynal Əmrəliyev hazırkı vəziyyətdə daha real hesab etdiyi ssenarinin isə İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi olduğunu bildirib.
//Gülnarə Abasova, Editor.az

