“Heç hənanın yeridir?..” – AYNA bu tarixdə ƏSAS küçəni bağlayır…backend

“Heç hənanın yeridir?..” – AYNA bu tarixdə ƏSAS küçəni bağlayır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) “Avropa Mobillik Həftəsi” çərçivəsində keçirdiyi tədbirlər, xüsusilə də sentyabrın 20-də planlaşdırılan “Avtomobilsiz Gün” Bakıda nəqliyyat siyasətinin prioritetlərini yenidən gündəmə gətirib.

Cebhe.info xəbər verir ki, sentyabrın 20-də “Avtomobilsiz Gün” olacaq. Həmin gün saat 10:00-dan 20:00-dək Yasamal rayonunun Məhəmməd Naxçıvani küçəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq. Bir küçənin saatlarla avtomobillərin hərəkətinə bağlanması, velosiped və skuterlərin nümayiş etdirilməsi, test sürüşlərinin və müxtəlif tədbirlərin keçirilməsi mikromobilliyin təşviqi baxımından təqdim olunur.

Yasamal rayonunun Naxçıvani küçəsi əsaslı şəkildə təmir edilir | Azərbaycan  Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti

Lakin ən vacib məsələ bu tədbirlərin şəhərin real nəqliyyat probleminə nə qədər cavab verməsidir. Çünki Bakıda vətəndaşın əsas problemi velosiped və ya skuter sürməyi bilməməsi deyil. Əsas problem insanların gündəlik olaraq bir yerdən digərinə vaxtında, təhlükəsiz və rahat çata bilməsidir. Avtobuslarda sıxlıq, dayanacaqlarda uzun gözləmə, bəzi istiqamətlərdə alternativlərin azlığı və pik saatlarda tıxac hələ də qalır.

Belə bir vəziyyətdə avtomobildən imtinanın təşviq edilməsi real vəziyyətlə tam üst-üstə düşmür. Əgər məqsəd avtomobildən asılılığı həqiqətən azaltmaqdırsa, əvvəlcə insanların niyə avtomobildən istifadə etməyə məcbur qaldığına baxılmalıdır.

İctimai nəqliyyatın keyfiyyəti, avtobusların sayı, hərəkət intervalı, marşrutların əhatəsi, dayanacaqlar, piyada və velosiped infrastrukturu birlikdə həll edilməlidir. Bunlar olmadan velosiped və skuter təşviqi əsas problemi həll etməyəcək. Vətəndaşdan avtomobildən imtina etməsini istəməzdən əvvəl ona avtomobilsiz də rahat yaşaya biləcəyi şərait yaradılmalıdır.

Üstəlik, Yasamal rayonu kimi tıxacların ən çox olduğu ərazidə, özü də dərslərin başlanması səbəbindən bu sıxlığın daha dözülməz həddə çatdığı bir vaxtda Məhəmməd Naxçıvani küçəsini bağlayıb tədbir keçirmək absurd görünür. Məşədi İbad demişkən, “heç hənanın yeridir?”

Velosiped bölmələri nə işə yarayacaq? — TodayPress.tv

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a deyib ki, özü də həftə ərzində avtomobilsiz günlər təşkil edir, sərnişin kimi hərəkət edir, piyada gəzir: “Ona görə də avtomobilsiz günlərin keçirilməsini düzgün hesab edirəm. Çünki bunun məqsədi insanlara avtomobildən başqa nəqliyyat vasitələrinin də mövcud olduğunu göstərmək və alternativ mobilliyi təşviq etməkdir. Ancaq belə tədbirlər təşkil olunarkən həmin ərazinin real nəqliyyat yükü mütləq nəzərə alınmalıdır. Sakinlərin münasibəti və tədbirə olan marağı da diqqətdə saxlanılmalıdır. Tədbirin keçirilməsindən daha çox, onun necə təşkil olunması vacibdir. Alternativ yollar, alternativ nəqliyyat imkanları, mobillik həlləri, ictimai nəqliyyatın hərəkəti və sürücülərin əvvəlcədən məlumatlandırılması təmin edilməlidir”.

Ekspert qeyd edib ki, burada əsas məqsəd insanlara “avtomobildən istifadə etməyin” demək yox, avtomobilsiz hərəkət etmək üçün real və rahat alternativ yaratmaqdır: “Düşünmürəm ki, bu gün əsas hədəf insanları məcburi şəkildə avtomobildən endirmək, ictimai nəqliyyata və ya mikromobillik vasitələrinə yönləndirmək olmalıdır. Bu, könüllü şəkildə həyata keçirilməlidir. Kim istəyirsə, avtomobildən imtina edib “samokat” sürə bilər, velosipeddən və ya ictimai nəqliyyatdan istifadə edə bilər. Könüllülük prinsipi qorunmalıdır. Sadəcə alternativlər insanlara göstərilməlidir ki, avtomobilsiz də hərəkət etmək mümkündür və bunun üçün imkanlar var. Əgər biz bunu təmin edə bilsək, belə tədbirlərin şəhər mobilliyinə faydası olacaq”.