“Xilaskar” Samvel həbsdən Paşinyanı HƏDƏLƏDİ – Bakı da onu axtarır…backend

“Xilaskar” Samvel həbsdən Paşinyanı HƏDƏLƏDİ – Bakı da onu axtarır… 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol Paşinyanı Ermənistanın Baş naziri vəzifəsindən uzaqlaşdırmaq üçün ağıllı bir insana ehtiyac var. Və belə bir insan artıq mövcuddur”.

Bu sözləri erməni əsilli rusiyalı oliqarx, “Güclü Ermənistan” partiyasının lideri, bu gün ev dustaqlığı daha iki aylığına uzadılan Samvel Karapetyan deyib.

Bəs o “xilsakar” görəsən kimdir? Karapetyan erməni jurnalistləri çox intizarda saxlamayıb və bildirib ki, söhbət elə onun özündən gedir.

“Mən bir neçə dəfə demişəm: nə lazımdırsa, edəcəyik. Görürəm ki, siz və mən bunu həyata keçirmək üçün çox tələsirik. Gəlin hər şeyi sakitcə yoluna qoyub bitirək. Bəli, təəccüblənə bilərsiniz, amma bu mənəm. Növbəti baş nazir mən olacağam, siz də alqışlayacaqsınız, Paşinyan da alqışlayacaq”, – Moskvanın “desantı” özündən razı şəkildə bəyan edib…

Əvvəla, baş nazir olmaq üçün həbsdən çıxmaq lazımdır. Karapertyan isə Rusiya və onun lideri Vladimir Putinin Baş nazir Nikol Paşinyana bunca göz ağartmasına, təzyiq-təhdidinə, rəğmən, hələ də içəridədir. Bu harasıdır, Paşinyan Moskvaya bağlı digər odioz siyasi fiqurları – keçmiş prezident, Xocalı qatili Robert Köçəryanı və Qaqik Tsarukyanı da həbsə atıb.

İkincisi, Karapetyan ikili-üçlü vətəndaşlığa (Rusiya, yunan Kipri) malikdir. Bu da mövcud konstitusiyaya əsasən onun baş nazirliyə iddiasını qeyri-qanuni edir. Şəkk-şübhəsiz, yeni konstitusiyada bu məsələ bir az da sərtləşdiriləcək.

Nəhayət, üçüncü, bəllidir ki, təzə parlamentdə əsas səs çoxluğu hakim partiyaya məxsusdur. Küçə etirazları ilə də hakimiyyət dəyişikliyinə nail olmaq mümkünsüzdür. Son illərin təcrübəsi göstərir ki, radikal müxalifət meydanlara 10-15 mindən artıq etirazçı yığa bilmir. Paşinyan isə əksinə, dəfələrlə sübut olunub ki, istədiyi vaxt bundan qat-qat çox tərəfdar ortaya çıxara bilər…

Erməni müxalifətinin seçki iddiaları rədd edildi - QƏRAR

Ötə yandan, 7 iyun seçkiləri Baş nazirin əlini əməllicə gücləndirib. Nəticələr eyni zamanda, müxalifətə öz yerini göstərib. Söz düşmüşkən, Paşinyanın partiyası İkinci Qarabağ müharibəsindən sonra (2021) da, Qarabağda antiterror əməliyyatından sonra (2026) da parlament seçkilərini udub. İki dəfə! Bu, kifayət qədər ciddi mesajdır. O anlamda ki, Ermənistan əhalisinin əksəriyyəti artıq müharibədən yorulub, onu arzulamır.

Hər halda mövcud mənzərə bunu deyir. Karapetyan daxil, Rusiyaya bağlı radikal qüvvələr, o cümlədən erməni kilsəsi isə mövcud konstitusiyamın dəyişdirilməsinə, Azərbaycan və Türkiyə ilə beynəlxalq hüquq normaları əsasında sivil qonşuluq əlaqələri qurulmasına qarşıdır. Təsadüfi deyil ki, Paşinyan Karapetyanın, Köçəryanın və Tsarukyanın təşkilatlarını “üçbaşlı müharibə partiyası” adlandırmış, onları həbslə hədələmişdi.

Elə də oldu. Hazırda onların üçü də istintaq altındadır. Amma gəl ki, keçən müddətdə ölkədə nə Baş nazirlik xəyalında olan Samvel Karapetyanın, nə də digər ikisinin müdafiəsi üçün bircə izdihamlı aksiya, mitinq belə keçirilməyib. Çünki elektoratları zəifdir, yetərli deyil…

Nikol da bunu yaxşı bildiyi üçün öz işindədir. Stəkanda “fırtına” qoparmaqla deyil ki. Doğru, konkret olaraq Karapertyanın özü hakimiyyətdə olmayıb. Köçəryan kimi o, daha qanlı cinayətkar keçmişə də malik deyil – hərçənd, 44 günlük müharibə zamanı Rusiyadan Qarabağa qanunsuz silah tədarükü ilə məşğul olduğu üçün Azərbaycan onun haqqında cinayət işi açaraq axtarışa verib.

Məlum, Paşinyan da “süddən çıxmış ağ qaşıq” deyil, Məsum-zad heç sayılmaz. Bunu da bilirik. Amma və lakin yenə o, Azərbaycan və Türkiyə ilə konfrontasiyanı davam etdirməyin axmaqlıq olduğunu anlayır. Barışıq yolunda cəhdlər edir, bəzi başqa müsbət işlər görür, sülh müqaviləsini paraflayıb və s. Onun rəqibləri isə bunun tam əksini edir, öz soydaşlarını bölgəyə fəlakət gətirmiş bir yola sürükləmək istəyirlər.

Ondansa, elə içəridə çürüsələr yaxşıdır…

Analitik xidmət,
Musavat.com