Son vaxtlar Türkiyədə prezident seçkilərinin keçiriləcəyi tarixlə bağlı müxtəlif məlumatlar yayılır. Seçkilərin 2028-ci il mayın 14-də keçirilməsinin planlaşdırıldığı bildirilir. Lakin bu tarix hələ rəsmi şəkildə dəqiqləşdirilməyib.
Müzakirə olunan əsas məsələlərdən biri də Prezident Rəcəb Tayyib Ərdoğanın növbəti prezident seçkilərində iştirak edib-etməyəcəyidir.
Hazırkı vəziyyət fonunda Ərdoğanın növbəti dəfə prezident seçilmək imkanları necə qiymətləndirilir? Türkiyədə gedən proseslər ölkəni hansı mərhələyə aparır?
Editor.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, Rəcəb Tayyib Ərdoğan növbəti prezident seçkilərində yalnız seçkilər vaxtından əvvəl keçirilərsə iştirak edə bilər:

“Bu səbəbdən hakimiyyətdə olan partiya seçkiləri bir qədər önə çəkmək istəyir. Lakin bunun baş tutub-tutmayacağı məlum deyil.
Keçirilən rəy sorğuları göstərir ki, müxalifət namizədlərinin Ərdoğana nisbətən seçkiləri qazanmaq şansları daha yüksəkdir. Bunlardan biri İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğludur. Müxalifət əvvəlcədən onu prezidentliyə namizəd elan edib. 15 milyondan artıq imza toplandı. Bir müddət sonra isə ona qarşı əməliyyat keçirildi və o, hazırda həbsdədir. Əkrəm İmamoğlunun növbəti prezident seçkilərində iştirakı gözlənilmir.
Digər namizəd isə Ankaranın bələdiyyə sədri Mənsur Yavaşdır. Türkiyədə bələdiyyələrdə kifayət qədər pozuntular olduğundan, Mənsur Yavaşla bağlı da hansısa əməliyyatın keçirilməsi ehtimalı mümkündür.
Növbəti namizəd isə yeni yaradılan bələdiyyənin sədri Özgür Özəldir. Onun da şansının yüksək olduğu bildirilir. Bundan əlavə, digər namizədlərin də olacağı gözlənilir.
Hələ seçkilər elan olunmasa da, seçkilərə hazırlıq dövrü başlayıb. Bəzi bələdiyyə işçilərinə qarşı cinayət işləri də başlanıb. Türkiyədə çox ciddi mübarizə gözlənilir”.
//Gülnarə Abasova, Editor.az

