ABŞ və Səudiyyə Ərəbistanı arasında qlobal təhlükəsizlik balansını kökündən dəyişdirəcək gizli nüvə razılaşmasının detalları üzə çıxıb.
Musavat.com xəbər verir ki, ABŞ-ın nüfuzlu CNN telekanalının yaydığı eksklüziv məlumata görə, Prezident Donald Tramp administrasiyası krallığa beynəlxalq təminat və ciddi nəzarət mexanizmləri tətbiq etmədən öz ərazisində uranı zənginləşdirməyə icazə verən ilkin sazişi qəbul edib.
Ağ Evdə Trampın son imzasını gözləyən bu layihə rəsmən “mülki nüvə proqramına kömək” kimi təqdim olunsa da, hərbi və nüvə ekspertləri həyəcan təbili çalmağa başlayıblar.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, Səudiyyə Ərəbistanına uranın zənginləşdirilməsi üzərində bu cür sərbəstlik verilməsi gələcəkdə Riyadın atom enerjisindən birbaşa nüvə silahı istehsalı üçün istifadə etməsi riskini kəskin şəkildə artırır.
Vaşinqtonun bu addımı Yaxın Şərqdə yeni və qarşısıalınmaz nüvə silahlanması yarışına rəvənq verə bilər.

