ABŞ hərbçiləri İran ərazisinə zərbələrin növbəti dalğasını başa çatdırıblar.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkə hesabında məlumat yayıb.
“Mərkəzi Komandanlıq İrana qarşı növbəti zərbələr raundunu başa çatdırıb. Ardıcıl səkkizinci gecə həyata keçirilən zərbələr zamanı CENTCOM qüvvələri İranın sahil müşahidə və Hava Hücumundan Müdafiə obyektlərini, Hərbi Dəniz Qüvvələrinin vasitələrini, raket və dron anbarlarını vurublar”, – deyə məlumatda bildirilir.
Komandanlıq qeyd edib ki, zərbələr həmçinin iyulun 17-də İordaniyada ABŞ hərbçilərinə hücum edən İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələrinə qarşı endirilib.
İyulun 19-na keçən gecə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana qarşı növbəti zərbələr seriyasının başladığını elan etmişdi. Hərbçilər bunun, o cümlədən İordaniyadakı ABŞ hərbçilərinə edilən hücumlara cavab olduğunu bildiriblər.
Bir gün əvvəl Tehran Vaşinqtonla qarşılıqlı anlaşma memorandumundan irəli gələn öhdəliklərin icrasını dayandırdığını bəyan etmişdi. Həmin axşam ABŞ Mərkəzi Komandanlığı İranın zərbəsi nəticəsində İordaniyada iki hərbçisinin həlak olduğunu xəbər vermişdi.

