Estoniyanın daxili işlər naziri İqor Taro Avropa İttifaqı ölkələrini Rusiya vətəndaşlarına turizm vizalarının verilməsi qaydalarını daha da sərtləşdirməyə çağırıb. Nazir bildirib ki, mövcud geosiyasi vəziyyətdə Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin genişləndirilməsi qəbuledilməzdir.
Editor.az bu barədə xarici mediaya istinadla yazıb.
İqor Taronun sözlərinə görə, hərbi əməliyyatların davam etdiyi bir dövrdə Rusiya vətəndaşlarının Avropa İttifaqı ölkələrində istirahət etməsi və alış-veriş məqsədilə sərbəst şəkildə səfər etməsi düzgün hesab edilə bilməz.
Xatırladaq ki, iyulun əvvəlində Slovakiyanın Rusiyadakı viza mərkəzi texniki səbəbləri əsas gətirərək Şengen vizaları üçün müraciətlərin qəbulunu əksər səfər məqsədləri üzrə müvəqqəti dayandırdığını açıqlamışdı.
Bundan əvvəl isə Monteneqronun 2026-cı il oktyabrın 1-dən etibarən Rusiya və Belarus vətəndaşları üçün viza rejimi tətbiq edə biləcəyi barədə məlumat yayılmışdı. Yerli KİV-lərin iddiasına görə, ölkə gələcəkdə Türkiyə, Çin və bir sıra digər dövlətlərin vətəndaşları üçün də oxşar qaydalar tətbiq etməyi planlaşdırır. Məqsəd 2027-ci ilin sonunadək viza siyasətini Avropa İttifaqının tələblərinə uyğunlaşdırmaqdır.
//Gülnarə Abasova, Editor.az

