“İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi gələcək nəsillər tərəfindən necə xatırlanmaq istədiyi ilə bağlı fikirlərini bölüşüb.
Editor.az xəbər verir ki, futbolçunun sözlərini “All About Argentina” nəşri X sosial şəbəkəsində yayımlayıb.
Messi bildirib ki, onun əsas arzusu qarşısına qoyduğu məqsədlərə çatmaq və xəyallarını reallaşdırmaq uğrunda daim mübarizə aparan böyük idmançı kimi yadda qalmaqdır. O, bütün istəklərinə çatmağın həmişə mümkün olmadığını, lakin qarşısına çıxan hədəflər uğrunda mübarizəni heç vaxt dayandırmadığını vurğulayıb.
Argentina millisinin kapitanı sentyabr ayında “Qızıl top” mükafatına namizədlər arasında yer alıb. Karyerası ərzində səkkiz dəfə bu mükafata layiq görülən Messi daha bir dəfə qalib gələrsə, şəxsi rekordunu yeniləyə bilər.
Messi “İnter Mayami”yə keçməzdən əvvəl Fransanın PSJ və İspaniyanın “Barselona” klublarında çıxış edib. O, Kataloniya təmsilçisinin heyətində UEFA Çempionlar Liqasının dördqat qalibi olub, həmçinin UEFA Superkuboku və klublararası dünya çempionatında üç dəfə qələbə sevinci yaşayıb.
//Gülnarə Abasova, Editor.az

