Türkiyəyə Rusiya ilə bağlı qalmaqallı şərt qoyuldu – 8 il sonra məşhur silah qaytarılır?backend

Türkiyəyə Rusiya ilə bağlı qalmaqallı şərt qoyuldu – 8 il sonra məşhur silah qaytarılır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin taleyi yenidən gündəmə gəlib. Milli müdafiə naziri Yaşar Gülərin son açıqlamalarından sonra Ankara ilə Vaşinqton arasında F-35 proqramı ətrafında aparılan danışıqlar fonunda sözügedən sistemlərin gələcəyi ilə bağlı müzakirələr intensivləşib.

Bu fonda S-400-lərin Rusiyaya və ya üçüncü ölkəyə qaytarılmasının mümkün olub-olmadığı, eləcə də Moskvanın Ukrayna müharibəsi şəraitində bu silahlara ehtiyac duyub-duymadığı sual doğurur.

Globalinfo.az-a danışan politoloq Oktay Qasımov bildirib ki, Türkiyə 2019-cu ildə S-400 sistemlərini məcburiyyət qarşısında qalaraq Rusiyadan alıb.

Onun sözlərinə görə, həmin dövrdə NATO müttəfiqləri Türkiyənin hava məkanının müdafiəsi üçün yerləşdirilmiş “Patriot” sistemlərini geri çəkmək qərarına gəlmişdilər:

“Bu, Türkiyənin hava müdafiəsi baxımından ciddi boşluq yaradırdı. Ankara uzun müddət ABŞ-dan “Patriot” sistemlərinin satışını istəsə də, Vaşinqton buna razılıq vermədi. Nəticədə Türkiyə alternativ axtarışına çıxdı və Rusiyadan S-400 sistemlərini almaq məcburiyyətində qaldı.

ABŞ və ümumilikdə Qərb buna görə Türkiyəyə təzyiqlər göstərdi, sanksiyalar tətbiq etdi. Halbuki bu addımlar müttəfiqlik ruhuna uyğun deyildi. Son illərdə isə Türkiyə həm NATO, həm də ABŞ ilə münasibətlərini xeyli normallaşdırıb. Xüsusilə son bir il ərzində Vaşinqton administrasiyası ilə əlaqələr daha da güclənib. Bunun nəticəsində bəzi sanksiyalar aradan qaldırılıb. Hazırda ABŞ və Qərb Türkiyəyə yeni hava hücumundan müdafiə sistemlərinin verilməsi müqabilində S-400-lərdən imtina edilməsini istəyir”.

oqtay qasimov 5 1
Oqtay Qasımov

Politoloq qeyd edib ki, son 7 ildə Türkiyə özünün yerli hava hücumundan müdafiə sistemlərinin istehsalını xeyli inkişaf etdirib:

“Bu sistemlər artıq kifayət qədər güclənib. Digər tərəfdən, 2019-cu ildə alınan S-400-lərin indiyədək tam şəkildə döyüş növbətçiliyinə çıxarıldığına dair məlumat yoxdur. Türkiyə bunu rəsmi olaraq təkzib etsə də, görünən odur ki, sistemlər tam işlək vəziyyətə gətirilməyib. Buna görə də onların taleyi ilə bağlı qərar verilə bilər.

Türkiyə Rusiyanın razılığı ilə bu sistemləri üçüncü ölkəyə sata bilər. Digər variant isə onların müəyyən razılaşma əsasında Rusiyaya geri qaytarılmasıdır. Lakin mən ikinci variantı real hesab etmirəm. Çünki bu sistemlər artıq Türkiyəyə satılıb və geri alınması həm siyasi, həm də hüquqi baxımdan mürəkkəb məsələdir. Baxmayaraq ki, Rusiyanın hazırda bu cür hava hücumundan müdafiə sistemlərinə ehtiyacı ola bilər”.