ABŞ-ın Nyu-York şəhərində yağan güclü leysan nəticəsində mərkəzi metro stansiyalarından biri su ilə dolub.
Editor.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Yayımlanan görüntülərdə su axınlarının Manhettenin mərkəzində, Penn-Station dəmir yolu vağzalının yaxınlığında yerləşən eyniadlı metro stansiyasının platformasına dolduğu görünür.
Yerli PIX11 telekanalının məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən Nyu-York metrosunun bir neçə xəttində qatarların hərəkətində ciddi gecikmələr yaranıb. Bruklində isə magistral yollardan birində nəqliyyatın hərəkəti dayanıb.
Meteoroloqlar Nyu-York və Nyu-Cersi ştatlarının bəzi ərazilərində daşqın təhlükəsi barədə xəbərdarlıq ediblər. Mütəxəssislər xüsusilə drenaj sistemlərinin zəif olduğu ərazilərdə güclü yağışların nəqliyyatın hərəkətini iflic edə biləcəyini bildiriblər.
//Gülnarə Abasova, Editor.az

