Yaşlı insanlarda bel çevrəsinin böyük olması ölüm riskinin artması ilə əlaqələndirilir. Eyni zamanda, yüksək bədən kütləsi indeksinin (BKİ) yaşlılarda ölüm riskinin daha aşağı olması ilə bağlı olduğu müəyyən edilib.
Editor.az xəbər verir ki, araşdırmanın nəticələri “Journal of the American Geriatrics Society” jurnalında dərc olunub.
Tədqiqatçılar 65 yaşdan yuxarı 6905 amerikalının 2011-2024-cü illər üzrə məlumatlarını təhlil ediblər. Araşdırmada bədən göstəricilərinin zamanla dəyişməsi də nəzərə alınıb. Bu, qarın nahiyəsində toplanan piylərin ümumi bədən çəkisindən asılı olmayaraq sağlamlığa təsirini ayrıca qiymətləndirməyə imkan verib.
Nəticələrə görə, artıq çəkisi olan kişilərdə ölüm riski normal çəkidə olanlarla müqayisədə təxminən 46 faiz, birinci və ikinci dərəcəli piylənməsi olanlarda isə 51 faiz daha aşağı olub. Bununla belə, bel çevrəsinin böyük olması kişilərdə bədən kütləsi indeksindən asılı olmayaraq ölüm riskini təxminən 24 faiz artırıb. Bu isə əsas riskin çəkinin özündən çox, piylərin bədəndə necə paylanması ilə əlaqəli olduğunu göstərir.
Alimlər həmçinin müəyyən ediblər ki, aşağı bədən çəkisi hər iki cinsdən olan yaşlı insanlarda daha yüksək ölüm riski ilə əlaqəlidir. Tədqiqatçılar bunu yaşlı insanlarda müəyyən qədər artıq çəkinin xəstəliklər və sağalma dövründə əlavə enerji ehtiyatı rolunu oynaması ilə izah edirlər.
Böyük bel çevrəsi isə daxili orqanların ətrafında toplanan visseral piylərin çoxluğuna işarə edə bilər. Bu piy toxuması iltihabi proseslərin və maddələr mübadiləsi pozuntularının inkişafına daha çox şərait yaradır.
Tədqiqat müəlliflərinin fikrincə, yaşlı insanların sağlamlıq risklərini qiymətləndirərkən yalnız boy və çəkiyə əsaslanmaq kifayət deyil. Bədəndə piylərin hansı nahiyədə toplandığını da nəzərə almaq lazımdır. Sadə ölçü lenti ilə bel çevrəsinin müəyyənləşdirilməsi belə sağlamlıq risklərinin qiymətləndirilməsinə əlavə məlumat verə bilər.
//Gülnarə Abasova, Editor.az

