Həkim kalorilərin hesablanması zamanı ən çox edilən səhvləri açıqladıbackend

Həkim kalorilərin hesablanması zamanı ən çox edilən səhvləri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kalori hesablanması çəkiyə nəzarət üçün faydalı vasitə olsa da, əldə olunan rəqəmi tam dəqiq göstərici kimi qəbul etmək olmaz. Orqanizmin enerji ehtiyacı insanın yaşı, cinsi, boyu, çəkisi, fiziki aktivlik səviyyəsi, bədən quruluşu və digər amillərdən asılıdır.

Editor.az xəbər verir ki, bu barədə endokrinoloq Nelli Markuşina açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, ilk növbədə bazal maddələr mübadiləsini, yəni orqanizmin istirahət vəziyyətində tənəffüs, ürək, beyin və digər həyati proseslərin fəaliyyəti üçün sərf etdiyi enerji miqdarını hesablamaq mümkündür. Daha sonra fiziki aktivlik və gündəlik məişət hərəkətləri nəzərə alınaraq insanın təxmini gündəlik kalori ehtiyacı müəyyənləşdirilir.

Endokrinoloq qeyd edib ki, kalorilərin hesablanması zamanı ən çox rast gəlinən səhvlərdən biri fiziki aktivlik səviyyəsinin olduğundan yüksək qiymətləndirilməsidir. Məsələn, insan müntəzəm olaraq idman zalına getsə də, günün böyük hissəsini oturaq vəziyyətdə keçirə bilər. Belə halda onun enerji sərfiyyatı yüksək fiziki aktivlik əmsalı ilə aparılan hesablamanın göstərdiyindən xeyli aşağı ola bilər.

Həkim həmçinin yalnız tərəzinin göstəricilərinə əsaslanaraq nəticə çıxarmamağı tövsiyə edib. Bədən çəkisi orqanizmdəki mayenin, duz və karbohidrat qəbulunun, bağırsaqlardakı möhtəviyyatın və digər amillərin təsiri ilə müvəqqəti olaraq dəyişə bilər. Buna görə də çəki dəyişimini ayrı-ayrı ölçmələr əsasında deyil, zaman ərzindəki dinamika üzrə qiymətləndirmək daha məqsədəuyğundur.

Markuşinanın sözlərinə görə, arıqlamaq istəyən şəxslər adətən orta səviyyədə kalori defisiti yaratmalıdırlar. Qidalanmanı həddindən artıq sərt şəkildə məhdudlaşdırmaq isə əks nəticə verə bilər. Belə yanaşma davamlı aclıq hissinə, iş qabiliyyətinin azalmasına, əzələ kütləsinin itirilməsinə və sonradan qidalanma rejiminin pozularaq həddindən artıq yemək ehtimalının artmasına səbəb ola bilər.

Mütəxəssis qidalanmanın yalnız kalori miqdarı ilə qiymətləndirilməməsinin vacibliyini də vurğulayıb. Eyni kaloriyə malik iki fərqli pəhriz toxluq hissinə və qidalanmanın keyfiyyətinə tamamilə fərqli təsir göstərə bilər. Bu səbəbdən gündəlik rasionda kifayət qədər zülal, lif, faydalı yağlar, vitaminlər və mineralların olması vacibdir.

Kalori hesablayan insanların tez-tez buraxdığı digər səhv isə kiçik qəlyanaltı və içkilərin nəzərə alınmamasıdır. Qəhvəyə əlavə edilən şəkər, müxtəlif souslar, yemək hazırlanarkən istifadə olunan yağ, şirin içkilər, spirtli içkilər, çərəzlər və kiçik qəlyanaltılar gün ərzində qəbul edilən ümumi kalori miqdarını əhəmiyyətli dərəcədə artıra bilər.

Bununla belə, həkim hər bir qida məhsulunun ən xırda hissəsini belə tərəzidə çəkməyin vacib olmadığını bildirib. Onun fikrincə, əsas məsələ kalorilərin əsas mənbələrini düzgün müəyyənləşdirmək və ümumi qidalanma balansını qorumaqdır.

//Gülnarə Abasova, Editor.az