Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar Ermənistanın xarici və regional siyasətində əvvəlki yanaşmaların yenidən nəzərdən keçirilməsini zəruri edib. Xüsusilə Azərbaycanın yaratdığı yeni siyasi və iqtisadi reallıqlar fonunda Ermənistan üçün qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması və regional əməkdaşlıq imkanlarından yararlanmaq getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, İrəvanın son dövrdə nümayiş etdirdiyi siyasi mövqe və atdığı addımların nə dərəcədə uzunmüddətli strategiyaya, nə dərəcədə isə daxili siyasi ehtiyaclara hesablandığı xüsusi diqqət doğurur.
Siyasi analitik Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi qələbə Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi reallıqlarını köklü şəkildə dəyişib və Ermənistanın xarici siyasətində yeni yanaşmaların ortaya çıxmasına səbəb olub:
“Rəsmi İrəvan anladı ki, Türk-İslam dünyasının bir parçası olmadan müstəqil dövlət olaraq yaşaması və inkişaf etməsi mümkün deyil. Erməni kilsəsinin və avantürist siyasətçilərin Ermənistanı sürüklədiyi yanlış məcra erməni xalqına heç nə vermədi, verə də bilməzdi. Ermənistanda son dövrlər yeni nəsil siyasətçilər formalaşıb və onlar anlayırlar ki, Ermənistanın bir dövlət olaraq yaşamasının qarantı Azərbaycan və Türkiyə Respublikalarıdır.
Son aylarda Azərbaycandan tranzit keçərək Ermənistana çatdırılan Rusiya və Qazaxıstan taxılı başda olmaqla digər ərzaq məhsulları, eləcə də ölkəmizdən göndərilən neft və neft məhsulları Azərbaycanın Ermənistan üçün nə qədər həyati əhəmiyyət daşıdığını bir daha aydın göstərir. Odur ki, Ermənistan rəhbərliyinin bundan sonra Azərbaycanla sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu qalmır.
Ermənistanda keçirilən son parlament seçkilərindən sonra həyata keçirilən kadr dəyişiklikləri göstərir ki, inteqrasiya və barış tərəfdarları iqtidar komandasında daha üstün mövqedədirlər. Ümid etmək olar ki, ilin sonuna kimi rəsmi İrəvan konstitusiya dəyişikliyi ilə bağlı yekun qərarını verəcək və sülh müqaviləsinin imzalanması üçün sonuncu əngəl də aradan qalxmış olacaq”.
//Gülnarə Abasova, Editor.az

